Olaylar.az xəbər verir ki, onlarla polis tərəfindən İmamoğlunun Sarıyerdəki evində axtarış aparılıb və sonra polis müşayiəti ilə sağlamlıq müayinəsinə aparılıb.
İstanbulda başda Taksim olmaqla bəzi metro stansiyaları bağlanıb. Bütün kütləvi tədbirlərin ləğv edildiyi bildirilir. İnternetin də sürətinin azaldıldığı müşahidə edilir.
İstanbul Valiliyi şəhər üzrə nəzarəti qorumaq və yarana biləcək təxribata qarşı tədbir görmək məqsədilə 19-23 mart tarixləri arasında 4 gün müddətində hər cür toplantı, nümayiş və mətbuat açıqlamasının qadağan olunduğunu açıqlayıb.
100-dən çox insanla əlaqəli aparılan əməliyyatın Media A.Ş. tenderləri, şəhər uzlaşması və terrorla əlaqəli olduğu bildirilir. Açıqlamalar İmamoğlu və təqsirləndirilən şəxslər haqqında iki ayrı istintaqın başladığını göstərir. İlk istintaq "Şəhər uzlaşması" adı verilən quruluşla əlaqəlidir. Bu istintaq çərçivəsində İBB Başkanı Ekrem İmamoğlu, İBB Baş Katibinin müavini Mahir Polat və Şişli Bələdiyyəsi Başqanı Resul Ekrem Şahana həbs qərarı verilib. İkinci istintaq "korrupsiya" ittihamı ilə əlaqəlidir.
İmamoğlu evindən paylaşdığı videosunda, "Hər birinizi çox sevirəm, özümü millətimə əmanət edirəm. Mübarizəyə davam edəcəyəm", - söyləyib. Murat Ongun isə sosial media hesabından verdiyi açıqlamada "Bu saatdan sonra Ekrem İmamoğlu Türk millətinə əmanətdir. Qoruyun, dəstəkləyin! Milləti məğlub edə bilməzlər. Hər şey çox gözəl olacaq", - deyib.
İstanbul Cumhuriyyət Başsavcılığı tərəfindən verilən açıqlamaya görə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digərləri ilə bağlı başlatılan istintaq yayılan video görüntülər əsasında aparılır. İstintaq qeyri-qanuni bəxşiş toplama hadisələri ilə əlaqədar olaraq başladılıb və şahidlərin ifadələrinə əsasən, Ekrem İmamoğlu və digər şübhəlilərin iş adamlarını pul verməyə məcbur etdikləri bildirilir.