AFFA-nın Apellyasiya Arbitraj Tribunal “Neftçi”nin futbolçusu Bassala Sambu ilə bağlı apellyasiya şikayətini təmin etməyib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Bassala Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.
Apellyasiya Arbitraj Tribunalının qərarları:
- “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- 28 fevral 2025-ci il tarixdə Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi” komandasının 9 nömrəli futbolçusu Bassala Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 2 oyun cəzalanması və klubun isə 1500 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 39.1-ci maddəsi) barədə AFFA İntizam Komitəsinin 03 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
- Qərarın tam mətni 30 (otuz) gün ərzində maraqlı tərəf(lər)ə göndərilsin.