Stanford Universitetinin alimləri müəyyən ediblər ki, bədən kütləsi indeksinin 10 faiz azaldılması 50 yaşdan sonra böyrək hüceyrəli karsinomaya tutulma riskini 28 faiz azaldır.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Cancer” jurnalında dərc olunub.
Tədqiqatda 204,364 kişi və qadın iştirak edib. İlkin mərhələdə iştirakçıların orta yaşı 61,6 olub. Tədqiqatçılar 18, 35 və 50 yaşlarında iştirakçıların sağlamlıq və bədən kütləsi indeksi (BKİ) səviyyələrindəki dəyişiklikləri izləyiblər.
BMI (bədən kütləsi indeksi) insanın çəkisinin boyuna nə qədər uyğun olduğunu hesablamağa imkan verən dəyərdir. Bu, bədən çəkisinin normal olub olmadığını müəyyən etməyə kömək edir. Normal BMI dəyərləri 18-24.9 aralığındadır.
Müşahidə dövründə 1425 böyrək xərçəngi (böyrək hüceyrəli karsinoma) qeydə alınıb ki, onlardan 583-ü aqressiv, 339-u ölümcül olub. Aparılan təhlillər nəticəsində məlum olub ki, bu xəstəliyin tətikləyicisi artıq çəkidir. Bədən kütləsi indeksinin hər beş ballıq artması böyrək hüceyrəli karsinoma və onun bütün alt növlərinin inkişaf ehtimalını 10-40% artırır.
Bildirilib ki, arıqlamaq qoruyucu təsir göstərir. Alimlər hesablayıblar ki, gənclərdə (18-35 yaş) bədən kütləsi indeksinin hər 10 bal azalması böyrək hüceyrəli karsinomaya tutulma riskini 21 faiz azaldır. Bununla belə, oxşar arıqlamanın ən əhəmiyyətli faydası 50 yaşdan yuxarı insanlarda görülür və bu insanlarda böyrək xərçənginə tutulma riski 28% azalır.
//Gülnarə Abasova, Editor.az