AZ

BMT-də Azərbaycanla bağlı fotosərgi açıldı

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.

Nümayəndəlikdən Publika.az-a verilən məlumata görə, sərgi Azərbaycandakı minatəmizləmə işlərinə dair vizual səyahət təqdim edir.

Eksponatlar arasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaranlarının təsvirləri, aşkar edilmiş və zərərsizləşdirilmiş partlayıcı maddələr və minalar, habelə minaların və müharibənin partlayıcı qalıqlarının törətdiyi dağıntıların və insan iztirablarının əyani sübutları var. Sərgidə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işlərinin vizual təsviri təqdim olunur, həmçinin minaaxtaranların qəhrəman əməyi, minalarla çirklənmənin faciəvi nəticələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində aparılan davamlı səylər işıqlandırılır.

Sərginin məqsədi həm insanlara dəyən zərəri, həm də Azərbaycanın ərazisinin 13 faizdən çoxunu əhatə edən minalarla çirklənmənin miqyasını nümayiş etməklə bu sahədə məlumatlılığı artırmaq, beynəlxalq dəstəyi təşviq etmək və Azərbaycanda minaların və partlayıcı qalıqların mövcudluğundan irəli gələn problemlərlə bağlı geniş kütlənin məlumatlılığını artırmaqdır.

Qeyd olunur ki, təkcə 2020-ci ilin noyabr ayından indiyədək 384 nəfər müharibənin bu təhlükəli qalıqlarının qurbanı olub – onlardan 70 nəfər həyatını itirib, 314 nəfər ağır yaralanıb. Ümumilikdə, 1991-ci ildən bəri minalardan zərər çəkən qurbanların sayı 3463 nəfərə çatıb.

Seçilən
100
8
publika.az

4Mənbələr