“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:1 hesablı səfər qələbəsindən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün ən ağır, gərgin oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. Çünki son iki günə kimi 8-9 futbolçu ilə məşq keçmişdik. 12 oyunçumuz milli komandalarda idi. Kevin Medina da zədə və səhhətində yaranmış problemə görə cəmi iki məşqə çıxmışdı. Tam kollektiv şəkildə normal məşqimiz olmamışdı. Buna baxmayaraq, bizim üçün heç də uyğun olmayan rəqib önündə vacib qalibiyyət əldə etdik. Futbolçularımı təbrik edirəm. Burada həm Tovuz, həm də öz azarkeşlərimiz qarşısında oynamaq çox xoş idi. Mövsümün son mərhələsinə çox yaxşı başlanğıc oldu”.
Qurban Qurbanov oyunun keyfiyyətindən tam razı qalmadığını bildirib. O, həmşçinin qapı xəttində tez-tez dəyişiklik etmələrinə də aydınlıq gətirib:
“Sıx qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ bilərik.
Hər qapıçıya şərait yaratmağa çalışırıq. Baxmayaraq ki, bu mövqeni çox da dəyişməmək vacibdir. Qapıçıların hər birinə şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki gözləmədiyimiz şeylər ola bilər. Limitə görə bəzən Şahruddin Məhəmmədəliyevi oynadırıq. Qarşıdakı matçlarda Fabiyan Buntiçə də şans verəcəyik”.
Qurban Qurbanov milli komandanın oyunlarından sonra Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə probleminin yaranmasına da toxunub:
“Belə halların olmasını istəmərəm. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur”.
Qurban Qurbanov Nəriman Axundzadəyə “Molde”dən təklif olduğunu təsdiqlədi
Baş məşqçi Nəriman Axundzadənin adının Norveçin “Molde” klubu ilə hallanmasına da aydınlıq gətirib:
“Kluba real təklif gəlmişdi. Sadəcə, klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-də bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi.
Müqaviləsinin müddəti başa çatmaqda olan futbolçularla danışıqlara başlamamışıq. Hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Mayın sonlarına yaxın qərarlar verəcəyik”.
“Təəssüf ki, azarkeşləri sevindirə bilmirik” – Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev isə komandasının növbəti məğlubiyyətinə belə aydınlıq gətirib:
“Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və “Qarabağ”ın əvəzetmələrindən sonra hər şey bitdi. Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu. Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, azarkeşləri sevindirə bilmirik”.