ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
ADY sərnişinlərə daha sərfəli və əlçatan xidmətlərin təqdim edilməsi məqsədilə bir sıra stansiyalarda bu yeniliklər həyata keçirib. ADY-dən 1news.az-a verilən məlumata görə, Abşeron dairəvi marşrutu üzərində yerləşən Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib. Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib. Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən9-a çatdırılıb. Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb. Bundan başqa, Bakı Dəmiryol Vağzalında mövcud turniketlər yenilənib və ümumilikdə 34 turniket istifadəyə verilib. Bütün bu yeniliklər dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsini, turniketlərdə xüsusilə pik saatlarında növbələrin azaldılmasını təmin edəcək.
ADY sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə davam edəcək.