Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Qrebenkin ölkənin bəzi bölgələrində immiqrant mənşəli qapalı icmaların yaranması riski ilə bağlı xəbərdarlıq edib.
Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, Qrebenkin bildirib ki, xüsusilə monoetnik və sıx yaşayan qrupların birgə yaşadığı ərazilərdə Rusiya qanunları tam şəkildə həyata keçirilə bilməz və bu strukturlar tədricən “qapalı və davamlı immiqrant anklavlarına” çevrilməyə meyllidir. O bildirib ki, bu cür birləşmələr həm də radikal dini fikirlərin yayılması və sosial disharmoniya baxımından risk daşıyır.
Qrebenkinin fikrincə, bu anklavlar sosial infrastrukturu həddindən artıq yükləyir və cəmiyyətdə iğtişaşlar yaradır. İmmiqrantların əsasən ticarət, tikinti, ərzaq xidmətləri və kənd təsərrüfatı kimi sektorlarda cəmləşməsi belə qruplaşmaları gücləndirir.
Təhlükəsizlik Şurasının rəsmisi xüsusilə ölkədə qeyri-qanuni olan immiqrantların bu baxımdan böyük təhlükə yaratdığını vurğulayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiyada təxminən 670 min qeyri-qanuni mühacir var.
2024-cü ildə 190 mindən çox əcnəbi üçün deportasiya qərarı verilərkən, bu rəqəm bir əvvəlki ilə nisbətən təxminən 30 faiz artıb.
Həmin dövrdə 157 mindən çox insan ölkədən zorla çıxarılıb. Bundan əlavə, müvəqqəti yaşamaq icazələri yarıya qədər, daimi yaşamaq üçün icazələr isə təxminən 25 faiz azalıb.