ABŞ Prezidenti Donald Trampın elan etdiyi yeni tariflər (gömrük vergiləri) bir sıra texnologiya nəhənglərinin tədarük zəncirini təhlükə altına qoyur. Bu şirkətlərdən biri də ABŞ-ın Apple şirkətidir. Elan edilən tariflərdən sonra, Çindən asılı olan Apple şirkətinin səhmlərində kəskin ucuzlaşma baş verib. Qərar Apple-ın istehsal xərclərini artıra bilər.
Marja.az-ın məlumatına görə, illərdir ticarət müharibələrinin və tədarük zəncirinin pozulmasının mənfi təsirini minimuma endirməyə çalışan Apple şirkəti, indi də Ağ Evin müəyyən etdiyi yeni vergi siyahısından zərər görə bilər.
Çindən idxal edilən məhsullara əlavə 34 faiz vergi (hazırda 20% vergi də mövcuddur - red), ümumi vergi dərəcəsini 54 faizə çatdırıb və bu, Apple-ın xərclərini artıra bilər.
Üstəlik, tariflər təkcə Çini hədəf almır. Apple-ın istehsal əməliyyatlarını Çindən çıxarmaq strategiyası da bu yeni vergilər ilə pozula bilər. Şirkət istehsalı Hindistan və Vyetnam kimi ölkələrə köçürməklə Çindən asılılığını azaltmağı hədəfləyib. Lakin ABŞ-nin bu ölkələrə də tətbiq etdiyi tariflər Apple-ın cəhdinin təsirini zəiflədə bilər.
Apple hələ də ABŞ-da satdığı cihazların böyük əksəriyyətini Çində istehsal edir. Bununla belə, ticarət müharibələrinin artması Apple-ı tədarük zəncirində daha radikal dəyişikliklər etməyə məcbur edə bilər.