Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan məhsullara tətbiq ediləcək yeni vergi dərəcələrini açıqlayıb. Siyahıya ümumilikdə 185 ölkə daxil edilib.
Vergi dərəcələrinin minimal səviyyəsi 10%, maksimal səviyyəsi isə 50% olaraq müəyyən edilib.
Əsas rəqiblərdən biri sayılan Çinə 37%, Avropa İttifaqına isə 20% vergi tətbiq ediləcəyi bildirilib.
Azərbaycan və Türkiyədən idxal olunan məhsullara 10% əlavə vergi nəzərdə tutulub.
Bu yeni vergilərin tətbiqindən sonra ABŞ-da inflyasiyanın əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Ən yüksək vergi dərəcəsinin tətbiq ediləcəyi və ABŞ-a ixracda böyük paya sahib olan iqtisadiyyatlarda isə istehsal həcminin və iqtisadi artımın daralması müşahidə oluna bilər.
Qərar aprelin 5-dən qüvvəyə minəcək.
Bəs, bu qərarın ölkəmizə hansı yan təsirləri ola bilər?
Suala Millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var:
“Ölkəmiz üçün minimal 10 % həcmində gömrük rüsumu müəyyən edilib. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına rəğmən ölkəmiz okeanın o biri tərəfindən daha çox mal idxal edir. Belə ki, 2024-cü ildə Azərbaycanda ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik.
Bütün bunlar ilə yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni, ixracatımızın az olmasına baxmayaraq artım dinamikası çox yüksəkdir. Bu iş adamlarımız üçün ABŞ-in yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir”.
Neft-qaz ixracımıza hansı təsirləri olacaq?
Müsahibimiz hesab edir ki, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir:
“2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq, Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil.
Birləşmiş Ştatlara qeyri neft-qaz məhsulları ixracatımıza gəldikdə isə, 2024-cü ildə dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvanların bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları və digər məhsulları ixrac etmişik.
Göründüyü kimi, Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük məbləğdə olmasa da belə, mal qrupları üzrə şaxələnib. Deməli, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-a ixracata ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər.
Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər. Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq”.
Surxay Atakişiyev, Bizim.Media