Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıblar. Aidiyyəti qurumlar bu haqda məlumatlandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruzova aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.
Qeyd edək ki, adıçəkilən şəxslər 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri də şəhid olduqdan sonra dəfn edildikləri yerdə tapılıb. Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanıb.