"Haaqada böyük gözləntilər yaşanır: Polşa Trampı, Niderland isə Zelenskini gözləyir..."
ABŞ prezidenti Donald Tramp NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə sadiq qalır" və iyun ayında Haaqada keçiriləcək Alyansın sammitində iştirak edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski Brüsseldə jurnalistlərə məlumat verib. Məlumatı "Reuters" agentliyi yayıb.
Xəbər verildiyi kimi, 24-26 iyun 2025-ci ildə Haaqada NATO ölkələri liderlərinin görüşü keçiriləcək. Əvvəlki dövrlərdə Avropa ölkələrinin liderləri və hərbi rəsmiləri dəfələrlə ABŞ-ın 5-ci maddə üzrə öhdəliklərindən geri çəkilə biləcəyindən narahat olduqlarını bildirib. Lakin Sikorskidən ABŞ-ın NATO ərazilərinin müdafiəsinə sadiq qalacağına inandığı soruşulduqda, o, "bəli" cavabını verib.
Həmçinin, bu gün ABŞ Dövlət katibi Marko Rubio Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə müttəfiqlərinə Vaşinqtonun Alyansa sadiq olduğunu, lakin onlardan müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalarını gözlədiyini, bunun üçün onlara bir müddət veriləcəyini bildirib.
"Düşünürəm ki, uzun illər ərzində geniş sosial müdafiə şəbəkəsi qurmuş daxili siyasət bu şəbəkədən imtina etmək və milli təhlükəsizliyə daha çox sərmayə qoymaq istəməz, lakin Avropanın mərkəzində tammiqyaslı yerüstü müharibə- bu, hələ də gücün qorxutma vasitəsi olaraq nə qədər vacib olduğunu xatırladır", - Rubio bildirib.
Eyni zamanda, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp nazirlərin görüşündə bildirib ki, ölkəsi Haaqada Ukrayna lideri Vladimir Zelenskini görməyi gözləyir. Bundan əlavə, o, Niderlandın müttəfiqlərindən Ukraynaya dəstəyi artırmalarını və Rusiyaya qarşı beynəlxalq təzyiqi gücləndirmələrini tələb etdiyini vurğulayıb.
Veldkamp həmçinin bildirib ki, NATO-nun iyun ayında keçiriləcək sammiti ilə bağlı hər hansı bir proqnoz vermək çətindir, çünki "Rusiya-ABŞ danışıqları hal-hazırda davam edir". "Hələ Haaqada nə olacağı barədə danışmaq üçün çox tezdir. Lakin prezident Zelenski'nin orada olacağını gözləyirəm", - o, qeyd edib.
"Nə vaxtsa hamımızın və amerikalıların da səbrinin tükənəcəyini düşünürəm, çünki Rusiya bu danışıqlarda vaxt uzadır", - Niderlandın xarici işlər naziri əlavə edib. "Biz bunu Qara dənizdə atəşkəs danışıqlarında gördük. Rusiya buna hər cür əlavə elementlər əlavə edir, sadəcə olaraq, vaxtı uzatmaqla məşğuldur. Dünən danışıqlar masasında biz bunun çox yaxşı fərqindəydik", - o, əlavə edib.