“ASAN xidmət” “Töhfə sazişi”nin icrasına BMT-də 50-dən çox ölkə və 100-dən artıq nümayəndənin iştirakı ilə start verdi.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev bildirib.
O, BMT-də təqdimatı keçirilən “Töhfə sazişi”nin fəaliyyət istiqamətləri barədə danışıb.
Ü.Mehdiyev qeyd edib ki, “Töhfə sazişi” ötən il Bakıda keçirilən COP29 çərçivəsində BMT ilə Azərbaycan hökuməti arasında imzalanıb:
O bildirib ki, sazişin əsas məqsədi Azərbaycanın intellektual brendi olan “ASAN xidmət” modelini BMT xətti ilə dörd qitədə tətbiq və təşviq etmək, dövlət xidmətləri vasitəsilə vətəndaşların hüquqlarının reallaşdırılması və bu sahədə innovasiya və texnologiyaların tətbiqinə dair tədbirlərin keçirilməsidir:
“BMT-nin Baş Qərargahında həmin “Töhfə sazişi”nin açılış tədbirini BMT ilə birgə həyata keçirdik. Burada 50-dən çox ölkə və 100-dən artıq nümayəndə iştirak edirdi. Artıq “Töhfə sazişi”nin icrasına start verildi”.
Onun fikrincə, BMT tərəfindən bu sazişin dörd qitədə təşviq olunması Azərbaycanın brendinin beynəlxalq səviyyədə tanınması, qiymətləndirilməsi və digər ölkələrə tövsiyə olunması deməkdir.
“Bu, Azərbaycanın dövlət xidmətləri sahəsində, korrupsiyaya qarşı mübarizədə, vətəndaş hüquqlarının şəffaf və bürokratiyadan kənar şəkildə reallaşdırılmasında uğurlu model kimi öz təcrübəsini dünyaya təqdim etməsidir”, – deyə Ü.Mehdiyev bildirib.
Sədr əlavə edib ki, Azərbaycan təcrübəsindən faydalanan 25 ölkənin artıq dördündə ASAN xidmət tam fəaliyyətə başlayıb:
“ASAN xidmət bu gün təkcə xidmətlərin vətəndaşa çatdırıldığı platforma deyil, həm də BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) bir çoxuna cavab verən bir modeldir. BMT-nin İnsan Hüquqları Şurası da qəbul etdiyi qətnamədə ASAN kimi modellərin insan hüquqlarının reallaşmasında rolunu vurğulayıb. “ASAN xidməti” həm dövlət xidmətlərinin göstərilməsi üsuludur, həm də DİM-lərə xidmət, insan hüquqlarına hörmət edən bir sistemdir. Bu sistem artıq 25-dən çox ölkəyə ixrac olunur və BMT tərəfindən bütün ölkələrə tövsiyə olunur”.
O bildirib ki, bu ölkələrin sırasında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər var. Ü.Mehdiyev qeyd edib ki, bu dövlətlərin hər biri “ASAN Xidmət” modeli ilə tanış olduqdan sonra bunun nə qədər faydalı və ciddi bir islahat olduğunu bildirirlər. Hər ölkənin öz qanunvericiliyi və ənənələri var, lakin ASAN həmin ölkələrin hüquqi bazasına uyğunlaşdırılaraq tətbiq edilir.
“Bu, elə bir islahatdır ki, bu gün tətbiq edilsə, sabah nəticəsini verir və vətəndaşlar bunu öz gündəlik həyatlarında hiss edirlər. Bu səbəbdən ASAN modelini tətbiq edən ölkələrin hökumətləri Azərbaycan dövlətinə və dövlət başçısına öz təşəkkürlərini bildirirlər”, – Ü.Mehdiyev vurğulayıb.
O, “ASAN xidmətin” yeni fəaliyyət istiqamətləri və texnologiyaların tətbiqi ilə bağlı planlar barədə də danışıb. Ü.Mehdiyev bildirib ki, hazırda “ASAN xidmətin” fəaliyyətlərinə süni intellektin tətbiqi və dataların idarə olunması ilə bağlı strategiyalar üzərində iş gedir. Onun sözlərinə görə, məqsəd ən müasir texnologiyaları dövlət xidmətlərinə tətbiq edərək 99 faizlik vətəndaş məmnunluğunu davamlı saxlamaqdır. Ü.Mehdiyev deyib ki, bu yeniliklərin qarşıdakı iki il ərzində tətbiqi planlaşdırılır.
“ASAN xidmət”də vətəndaş məmnunluğunun əsasını onların rəylərinin toplanması təşkil edir. Vətəndaşların fikirləri, şikayət və təklifləri təhlil olunur. Bu istiqamətdə biz yeni texnologiyaların tətbiqi ilə ASAN xidmətin 24 saat daha rahat və əlçatan fəaliyyət göstərməsini təmin edəcəyik. Toplanan bütün informasiyalar bizə data əsaslı qərar vermək imkanı yaradacaq ki, bu da səhvləri tamamilə istisna edəcək”, – deyə Ü.Mehdiyev əlavə edib.