Prezident İlham Əliyevin aprelin 9-da yeni tərkibini təsdiqlədiyi Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinə "PAŞA Holdinq" və "NEQSOL Holdinq" MMC-lərin Baş icraçı direktorlarının daxil edilməsi tam məntiqli və məqsədəuyğundur.
Bunu "Report" açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov özəl sektordan aparıcı müəssisələrin ilk dəfə Dövlət Komissiyasına daxil edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanla müxtəlif ölkələr arasında yaradılmış iqtisadi əməkdaşlıq üzrə Dövlət və hökumətlərarası komissiyalar çərçivəsində həyata keçirilən fəaliyyətlər iqtisadi diplomatiyanın imkanlarından maksimum istifadə edilməsinə xidmət edir: "Prezidentin yeni tərkibdə formalaşdırdığı Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası da yeni formatda əməkdaşlıq imkanlarının reallaşdırılması istiqamətində daha çevik fəaliyyət göstərəcək. Nəzərə almalıyıq ki, Azərbaycan texnoloji baxımdan dünyanın qabaqcıl ölkəsi olan Yaponiya ilə geniş spektrdə iqtisadi əməkdaşlıq həyata keçirir. Ölkələrimiz arasında qarşılıqlı və böyük məbləğdə investisiya qoyuluşları həm də qarşılıqlı etimadın və marağın göstəricisidir. Dövlət Komissiyasına "PAŞA Holdinq" və "NEQSOL Holdinq"in Baş icraçı direktorlarının daxil edilməsi bir neçə mühüm aspektdən qiymətləndirilə bilər:
Birincisi, nəzərə almalıyıq ki, Yaponiya tərəfdən komissiyada əsasən özəl şirkətlər təmsil olunur. Bu baxımdan Azərbaycan tərəfdən də özəl sektoru təmsil edən iki nüfuzlu şirkətin rəhbərliyinin komissiyanın tərkibinə daxil edilməsi tam məntiqli və məqsədəuyğundur. Bu həm də işgüzar əlaqələrin genişləndirilməsi və praktiki əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.
İkincisi, belə bir format özəl sektorun dövlət siyasətində rolunun artmasını, hökumətin iqtisadi idarəetmədə özəl sektorun təcrübə və potensialından daha fəal şəkildə yararlanmaq niyyətini göstərir.
Üçüncüsü, Dövlət Komissiyasına aparıcı holdinqlərin rəhbərlərinin daxil edilməsi dövlət-özəl tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərir və bu yaxşı bir nümunə kimi təqdim oluna bilər. Bu ölkələr arasında qarşılıqlı maraqları daha səmərəli əlaqələndirməyə imkan verir. Biznes mühitinin ehtiyac və imkanlarını özəl sektoru təmsil edən şirkət təmsilçiləri daha həssaslıqla dəyərləndirə bilərlər.
Dördüncüsü, bu format xarici investorlar üçün də mühüm mesaj və ciddi siqnaldır. Azərbaycan hökuməti özəl sektoru qərar qəbuletmə proseslərinə cəlb etməklə, daha şəffaf, açıq və bazar iqtisadiyyatı yönümlü idarəetməyə üstünlük verdiyini nümayiş etdirir. Belə bir institusional yanaşma ölkəmizin investisiya baxımından cəlbediciliyini artırır.
Beşincisi, yeni tərkib praktiki nəticəyə yönəlik əməkdaşlıq üçün imkanlar yaradacaq. "PAŞA Holdinq" və "NEQSOL Holdinq" kimi iri biznes strukturlarının beynəlxalq təcrübəsi, maliyyə və investisiya imkanları, innovasiya sahəsində konkret layihələri iqtisadi əməkdaşlıq müstəvisində praktik yanaşmaların tətbiqi ilə nəticələnəcək.
Nəhayət, onu da diqqətdə saxlamalıyıq ki, yeni tərkibdə formalaşdırılan komissiya hökumətlərarası deyil, iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasıdır. Bu format özəl sektorun iştirakını şərtləndirməklə yanaşı, konkret iqtisadi layihələrin birgə reallaşdırılmasını hədəfləyir".