AZ

Alimlər Nəhəng qara dəliyin "oyanır"

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, Yerdən 300 milyon işıq ili uzaqlıqda, Qız bürcündə yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzindəki ultra kütləli qara dəlik onilliklərlə davam edən sakitlikdən sonra qəfil "oyanıb". "Anski" ləqəbli bu obyekt güclü və müntəzəm rentgen şüası partlayışları - nadir və tam öyrənilməmiş "kvasidövri püskürmələr" (QPE) yaymağa başlayıb. 

HİT.az xəbər verir ki, araşdırma "Nature Astronomy" jurnalında dərc olunub.

Qalaktikanın parlaqlığı ilk dəfə 2019-cu ilin sonunda dəyişib. Alimlər qeyri-adi parlaqlıq artımını müşahidə edərək, "XMM-Newton", "NASA Swift", NICER və "Chandra" kimi kosmik teleskoplarla illərlə müşahidələr aparıblar. Lakin rentgen şüaları yalnız 2024-cü ilin fevralında qeydə alınıb. 

Valparaiso Universitetindən Lorena Ernandes-Qarsianın rəhbərlik etdiyi qrup təxminən 4,5 günlük fasilələrlə ritmik partlayışlar aşkar edib - bu, indiyə qədər qeydə alınmış bütün QPE-lər arasında ən uzun müddətli rekordur.

Ernandes-Qarsia qeyd edib: "Bu, yeni aktiv faza keçən qara dəlikdə kvasidövri püskürmələri ilk dəfə müşahidə etdiyimiz haldır."

Hər bir püskürmənin enerjisi əvvəl qeydə alınmış oxşar hadisələrdən yüz dəfə çoxdur. Eyni zamanda, adətən aktivlik partlayışlarında müşahidə olunan məhv olmuş ulduzun heç bir izi tapılmayıb. Tədqiqatçılar hesab edirlər ki, püskürmələr qara dəliyin akkresiya diskində toplanan qazla əlaqədar ola bilər - bu, məsələn, kiçik bir qara dəlik və ya ulduz tərəfindən pozula bilər.

Araşdırmanın həmmüəllifi Kohin Çakraborti bildirib: "Anski"nin partlayışları parlaqlığı və davamlılığı ilə bizi heyrətləndirib. Onlar mövcud bütün modellərin hüdudlarını aşır".

"Anski"nin real vaxt rejimində müşahidəsi alimlərə qara dəliklərin davranışı və qalaktikaların mərkəzlərində baş verən yüksək enerjili proseslər haqqında yeni məlumatlar verir. Bundan əlavə, bu partlayışlar qravitasiya dalğalarına səbəb ola bilər ki, bunları gələcəkdə Avropa Kosmos Agentliyinin LISA missiyası qeydə ala bilər.

Avropa Kosmos Agentliyinin tədqiqatçısı Erüan Kventin vurğulayıb: "Hazırda bizdə məlumatlardan daha çox fərziyyələr var. Lakin Anski bizə qara dəliklərin sirli və qeyri-proqnozlaşdırılan dünyasına pəncərə açır".

Samir

Seçilən
123
50
hit.az

10Mənbələr