Hər il səyahətlərin dəyəri turistlər üçün daha da artır. Bu vəziyyətə qlobal iqtisadi proseslər – inflyasiya, valyutanın dəyərdən düşməsi, dünya iqtisadi böhranı və silahlı münaqişələr təsir etsə də, bəzi yerlərin həddindən artıq populyarlaşması da qiymət artımında mühüm rol oynayır. Tələbatın artması ilə bir çox xidmətlər də bahalaşır.
HİT.az-ın məlumatına görə, "Reddit" istifadəçisi "Nic727" yazır ki, gəncliyində ailəsi ilə birlikdə tez-tez Şimali Karolinanın sahilindəki gizli inciləri ziyarət edirmiş, lakin indi bu istirahət onun üçün əlçatmaz hala gəlib.
"Mən bilirəm ki, o vaxtlar da səfərlər bir qədər bahalı idi, amma ailə üçün yenə də əlçatan idi. Sadəcə heyif ki, bu, artıq yayda mümkün deyil. Qışda bir az ucuzdur, amma qışda kim çimərliyə getmək istəyər ki? Son dəfə orada olanda daha ucuz otelə keçməli olduq. Amma indi bilmirəm, ora bir daha gedəcəyəmmi", deyə o bildirib və digər turistlərə onların sevimli istirahət yerlərində də oxşar vəziyyətin olub-olmadığını soruşub.
Nəticədə yüzlərlə istifadəçi bu fikirlə razılaşaraq bildirib ki, dünyanın hər yerində səyahətlər getdikcə daha baha başa gəlir.
"Şərhləri oxuyanda düşünürəm ki, cavab hər yerdədir", deyə iamacheeto1 adlı istifadəçi müzakirə müəllifinin sualına cavab verib.
Bəzi turistlər isə konkret misallar çəkiblər:
"Otel və kurortlardakı inflyasiya sadəcə dəli bir haldır. Havay adalarına getmək artıq mümkün deyil", deyə StrategyThink4687 yazıb və bir neçə turist əlavə edib ki, xüsusilə Havay adalarının ikinci ən böyük adası olan Mauidə istirahət çox bahalaşıb.
"İrlandiya... bura heç vaxt ucuz olmayıb... Amma indi artıq ağlasığmaz dərəcədə bahadır. Hətta sadə, hostellərdə qalan səyyahlar üçün də. Bəlkə kiçik bir çadır götürüb kampinq yerlərində quraşdırmağı düşünməliyəm – amma oranın dəyişkən havası böyük problem olacaq", deyə Ok-Wafer-3258 yazıb.
"Deməzdim ki, “həddindən artıq bahadır”, amma Kankun və Puerto-Valyartada qiymətlər 2015-ci ildən bəri ikiqat, bəlkə də üçqat artıb. Əvvəllər “Corona” pivəsi təxminən 1,75 dollar idi. İndi rahatlıqla 4-5 dollara başa gəlir. Hələ də evlə müqayisədə ucuzdur, amma əvvəlki kimi deyil", deyə TheWaySheHoes adlı səyahətçi qeyd edib.
"Disney World. Heç vaxt “ucuz” olmayıb, amma indi tamam başqa səviyyəyə çatıb", deyə Kittymarie_92 adlı istifadəçi yazıb.
"Ümumilikdə ABŞ-da daxili səfərlər inanılmaz dərəcədə baha başa gəlir", deyə zazzyzulu adlı turist bildirib.
"Portuqaliya. Özüm portuqaliyalıyam və uzun müddətdir burada tətil etməmişəm. Məncə, İspaniya həm daha ucuz, həm də daha rəngarəngdir", deyə gabs_ adlı istifadəçi fikrini bildirib.
"İspaniyanın şimalında yerləşən doğma şəhərim vaxtilə mənim əyalətimdən kənarda heç kimə tanış deyildi. İndi isə anamın alt qonşuları Airbnb-də bir gecəyə 300 avro alırlar", deyə Four_beastlings yazıb.
Bu vəziyyətin əsas günahkarını isə Educational-Ad-719 adlı istifadəçi belə açıqlayıb: "Məncə, "Instagram səyahətləri məhv edib".
Samir