Bu mövsüm Super Liqada və Türkiyə Kubokunda ikiqat çempion olmağı hədəfləyən "Qalatasaray" yeni mövsüm üçün də transferlər planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" dünyaca məşhur ulduz Kevin De Bruyne-ni də yaxından izləyir.
Belçika Milli Komandasından Mertensin yaxın dostu olan dünyaca məşhur yarımmüdafiəçinin bu transferində Mertensin aktiv rol oynaya biləcəyi öyrənilib.
Digər tərəfdən, İkardi və Osimhen kimi ulduzların "Qalatasaray"da qazandığı uğurlar da mühüm istinad mənbəyidir.
Karyerasını başqa klubda davam etdirəcək Kevin De Bruyne üçün Çempionlar Liqası kriteriyası çox önəmlidir.
"Qalatasaray" bu mövsüm liqanı çempion kimi başa vursa, 2025-26 mövsümündə birbaşa Çempionlar Liqasında iştirak edəcək.
Avropa futbolunda qalmaq istəyən Kevin De Bruyne-ni ABŞ-dən “İnter Mayami”nin prezidenti Devid Bekhem də izləyir.
Bekhemin Lionel Messi, Luis Suares, Serxio Busquets və Jordi Alba kimi ulduzlardan sonra Kevin De Bruyne-ni də istədiyi bildirilib.
Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq təcrübəli ulduz 2015-ci ildən İngiltərə təmsilçisində 415 rəsmi oyuna çıxıb, 107 qol vurub, 177 məhsuldar ötürmə edib.