AZ

Totti: “Mən ümidvaram ki, Ançelotti…”

“Roma”nın əfsanəsi, keçmiş hücumçusu və kapitanı Françesko Totti italyan mütəxəssis Karlo Ançelottini “canavarlar”ın başında görmək istəyir.

Arena.az məlumat verir ki, Totti bu barədə “Betsson Sport” “YouTube” kanalına müsahibəsində bildirib:

“Mən ümidvaram ki, Ançelotti həmişə pərəstişkarı olduğu klubu çalışdıra bilər. Təxmin edirəm ki, indi uyğun məqam yetişib”, deyə Totti vurğulayıb.

Xatırladaq ki, “Real”ın son vaxtlar uğursuzluqlar zolağına düşməsi mənzərəsində Karlo Ançelottinin cari mövsümün bitməsilə istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.

Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Ançelotti “Real”ı 344 oyuna çıxarıb, 247 qələbə, 48 heç-heçə, 49 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 829:337 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Ançelottinin “Real”ı 31 oyundan 66 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Seçilən
71
6
arena.az

10Mənbələr