AZ

Zaza Canaşiya: “Xviça Kvaratsxeliya İspaniyaya yollanmalıdır”

Gürcüstan millisinin keçmiş hücumçusu Zaza Canaşiya “Napoli”nin gürcü forvardı Xviça Kvaratsxeliyanın perspektivlərini qiymətləndirib.

Arena.az Canaşiyanın bu barədə qənaətini təqdim edir:

“Xviça Xviçadır, bu gün o, Gürcüstanın əsas futbolçusudur. Amma ölkədə başqa yaxşı futbolçular da var. Bir oyunçu komandanı dartıb çıxara bilməz, amma o, Gürcüstan millisinin və “Napoli”nin lideridir. Onun daha yaxşı və daha da yaxşı oynamasını gözləyirəm. Amma 2025-ci ildə o, komandasını dəyişib, İspaniya klubuna keçməlidir. Sadəcə ora getməlidir. İspaniya çempionatı – onun ruhundadır”, deyə Zaza Canaşiya vurğulayıb.

Xatırladaq ki, Xviça Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümdə “Kvara” 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
19
4
arena.az

9Mənbələr