“Napoli”nin baş məşqçisi Antonio Konte bildirib ki, “eşşəkciklər”in gürcü cinah hücumçusu Xviça Kvaratsxeliya klubdan transfer istəyib.
Arena.az jurnalist Klaudio Russoya istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Kvaratsxeliya onu satmağı xahiş edib. Mən çox məyusam. Mən ona vacib bir xüsusu icra edə biləcəyini sübut etmək üçün altı ay sərf etdim. Klub Kvaratsxeliya ilə müqavilə müddətinin uzadılması üzərində də işləyirdi. Altı aydan sonra biz elə, gəldiyimiz yerə qayıdırıq”, deyə Konte təəssüflə bildirib.
Xatırladaq ki, Kvaratsxeliyanın Fransa nəhəngi PSJ-yə keçidi günün mövzusudur. Gürcü futbolçunun Paris klubu ilə 5 illik müqavilə razılaşdırdığı, maaşının isə “Napoli”dəki qazancından beş qat çox olduğu haqda məlumat var.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyul ayından “Napoli”də çıxış edir. Neapol təmsilçisi gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatıb. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümü İtaliya A Seriyasının qalibi olub.
Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.