İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva insan alveri ilə mübarizədə QHT-lərin rolunu vurğulayıb. O, bu məsələnin qlobal dünyada baş verən proseslər fonunda daha böyük əhəmiyyət kəsb etdiyini qeyd edib:
"İnsan alveri ilə mübarizədə vətəndaş cəmiyyətinin daha aktiv olması vacibdir. Bununla yanaşı, insan alveri kontekstində yalnız dini istismar deyil, digər istiqamətlər, o cümlədən insanları dilənçiliyə sövq etmək, orqan alveri və məcburi əməyə cəlb etmə də ciddi problemlərdir. Bu hallar insan hüquqlarını kobud şəkildə pozur və insan alveri faktı hesab olunur."
QHT sədri bu sahədə mübarizənin əsasını əhalinin maarifləndirilməsi və davamlı tədbirlərin təşkilinin təşkil etdiyini vurğulayıb. O, həmçinin bildirib ki, İnsan Alveri İdarəsi yanında fəaliyyət göstərən koalisiya yeni seçkidən sonra öz işini daha da gücləndirib:
"Hər bir QHT öz bacarığı və potensialı çərçivəsində bu sahədə dövlətə dəstək verir və mübarizəsini davam etdirəcək."
Zülfiyyə Nuriyeva, insan alverinə qarşı mübarizədə QHT-lərin vətəndaşların maarifləndirilməsində oynadığı mühüm rolu və dövlətlə əməkdaşlığının vacibliyini bir daha diqqətə çatdırıb.
Pərvanə Fərhadqızı