AZ

İnsan alverinə qarşı mübarizəni necə gücləndirək? QHT sədrindən açıqlama

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında, təşkilatın bu sahədəki fəaliyyətinə dair vacib məlumatlar verib.

Zülfiyyə Nuriyeva bildirib ki, təşkilatın əsas məqsədi regionlarda insan alveri ilə mübarizənin gücləndirilməsidir. O, Bakının informasiya əlçatanlığı baxımından nisbətən irəlidə olduğunu, amma bölgələrdə bu məsələlərin daha çox diqqətə ehtiyacı olduğunu vurğulayıb. Bu ilin sonunda, koalisiyanın fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması və əlaqəli qurumlarla görüşlər keçiriləcəyini qeyd edib.

QHT sədri Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və dini qurumlarla əməkdaşlığın da nəzərdə tutulduğunu bildirib. Xüsusilə, dini qurumlar vasitəsilə, insan alverinə məruz qalan və ailə qurmaq adı ilə başqa ölkələrə aparılan qadınların vəziyyəti ilə bağlı maarifləndirmə fəaliyyətlərinin artırılması planlaşdırılır.

"Bu sahə çoxşaxəlidir. İnsan alveri təkcə cinsi istismar ilə əlaqəli deyil, həm də məcburi əməyə cəlb olunma və köləlik vəziyyətində olan insanlardan istifadə olunmasıdır," – deyə Zülfiyyə Nuriyeva qeyd edib. O, həmçinin əlilliyi olan şəxslərin dilənçiliyə və məcburi əməyə cəlb olunmasının da ciddi bir insan alveri növü olduğunu və bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib.

Təşkilatın bu il daha böyük bir güclə fəaliyyətə başlaması və bu sahədə Azərbaycanın apardığı işlərin daha da irəliləməsi üçün Koalisiyanın bütün üzvləri ilə birgə çalışılacağı vurğulanıb.

Zülfiyyə Nuriyeva həmçinin bu mövzunun sosial və hüquqi tərəflərindən yanaşaraq, insan alveri ilə mübarizənin əhəmiyyətini bir daha diqqətə çatdırıb və Azərbaycanda bu məsələyə qarşı daha güclü tədbirlərin görüləcəyinə əminliyini ifadə edib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
30
21
qht.az

10Mənbələr