“Jeju Air”in qara qutuları qəzadan 4 dəqiqə əvvəl qeydi dayandırdı
Hər iki qara qutu - uçuş məlumatlarının yazıcısı və kokpit səs yazıcısı - Cənubi Koreyanın Muan hava limanında “Jeju Air” təyyarəsinin qəzaya uğramasından təxminən dörd dəqiqə əvvəl qeydi dayandırıb.
Yeniavaz.comxəbər verir ki, bu barədə Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Kokpitdəki səs yazıcısından məlumatlar çıxarılaraq audiofayllara və mətnə çevrildi. Nəticədə müəyyən edilib ki, hazırda naməlum səbəblərdən qeyd təyyarənin kurs-sürüş yolunun radio mayakları ilə toqquşmasından 4 dəqiqə əvvəl dayandırılıb”, - məlumatda deyilib.
Qeyd edilib ki, təyyarə uçuş-enmə zolağının sonundan 250 m aralıda beton təməl üzərində radio mayakları olan torpaq təpəsinə çırpılıb. Toqquşma 29 dekabr 2024-cü il saat 09:03-də baş verib, qeyd 08:59-da bitib.
Xatırladaq ki, pilot saat 08:59 radələrində quşlarla toqquşduğu üçün həyəcan siqnalı verib. “Boeing 737-800”də olan 181 nəfərdən 179-u həlak olub.