Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ administrasiyası süni intellekt çiplərinin ixracını sərtləşdirmək üçün yeni tənzimləmə elan edib.
Banco.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada süni intellektin həm təhlükəsizlik, həm də iqtisadi güc baxımından sürətlə mərkəzi bir mövqe qazandığına diqqət çəkilib.
ABŞ-ın təhlükəsizliyini və iqtisadi gücünü dəstəkləmək məqsədilə "Süni İntellektin Yayılması ilə Bağlı Müvəqqəti Yekun Qayda"nın elan edildiyi açıqlamada ABŞ texnologiyasının yayılmasının təşviq edildiyi, eyni zamanda narahatlıq yaradan ölkələrə qarşı mühüm addımların atıldığı qeyd olunub. Bu addımlar çərçivəsində həmin ölkələrin inkişaf etmiş süni intellekt sistemlərinə və onları təlim etmək üçün istifadə edilən hesablamalar gücünə çıxışının məhdudlaşdırıldığı bildirilib.
Bəyanatda 18 müttəfiq və tərəfdaş ölkəyə çip satışlarına hər hansı bir məhdudiyyətin tətbiq edilməyəcəyi qeyd olunub. Bu ölkələrin Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və Böyük Britaniya olduğu vurğulanıb.