AZ

Fərhad Məmmədov: ABŞ-nin yeni strateji tərəfdaşına qarşı Rusiya və İranın hansı reaksiya verəcəyi maraq doğurur...

Dünən Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji əməkdaşlıq xartiyası imzalandı...

Siyasi-şərhçi: “Gözlənildiyi kimi, Trampın seçkilərdəki qələbəsindən sonra Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ ilə münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır”.

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ-Ermənistan strateji əməkdaşlığını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji əməkdaşlıq xartiyası imzalandı. Bəs, bu sazişin Ermənistan və region üçün hansı müsbət və mənfi tərəfləri var? Digər tərəfdən, imzalanan saziş Rusiya-Ermənistan mübasibətlərinə necə təsir edəcək?

ABŞ-Ermənistan münasibətlərinin yeni mərhələsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “İranla sərhəddə də ABŞ-nin yeni strateji tərəfdaşı peyda olacaq”.

ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətninin açıqlanacağına ümid edən ekspert Poliqon-a bildirib ki, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyi hələ öyrənilməlidir:

“Gözlənildiyi kimi, Trampın seçkilərdəki qələbəsindən sonra Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ ilə münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır. Yada salaq ki, hələ 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüb və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu, geosiyasi addımdır və o zaman Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi geosiyasi xəttin (Gürcüstan-Ermənistan) həyata keçirilməsini nəzərdə tutur.

Geosiyasi xətti formalaşdırmaq hələ ki, alınmasa da (Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib), Ermənistanla münasibətlərdə işlər qaydasındadır.

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-nin Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq.

Rusiya Ermənistanın KTMT-yə üzvlüyünü Aİİ çərçivəsində aldığı iqtisadi üstünlüklərlə əlaqələndirib. Görək Ermənistanın KTMT-dən rəsmi çıxacağı təqdirdə Rusiya nə dərəcədə ardıcıl olacaq. Belə çıxır ki, KTMT-də ABŞ-nin yeni strateji tərəfdaşları olacaq: Onların sayı artıq ikidir - Qazaxıstan və Ermənistan. İranla sərhəddə də ABŞ-nin yeni strateji tərəfdaşı peyda olacaq. Açığı bundan sonra ABŞ-nin yeni strateji tərəfdaşına qarşı Ryisya və İranın hansı reaksiya verəcəyi maraq doğurur.

Fərhad Məmmədov: “Azərbaycan üçün ABŞErmənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil”.

Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir.

Azərbaycan üçün ABŞErmənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil. ABŞ-nin Ermənistan hökumətinə yardım və dəstək səviyyəsi gec-tez münasibətlərin rəsmiləşməsinə səbəb olmalı idi. Bakının xəbərdarlıqlarına baxmayaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti indiyədək erməni mərkəzli siyasət yürüdüb ki, bu da həm ABŞ-ın Azərbaycanla münasibətlərində, həm də şəxi müstəvidə böhranlı məqamlara səbəb olub. Prosesin yekunu olaraq, Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla Blinken son erməni mərkəzli addımını atmış olur.

Ümid edək ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətni açıqlanacaq və nəhayət, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyini öyrənəcəyik”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
13
50
poliqon.info

10Mənbələr