Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğramasından sonra Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərliyi, hava hərəkətinin idarə edilməsi sistemi və hava hərəkəti dispetçerlərinin hərəkətlərini qiymətləndirmək üçün ekspertiza təyin edib.BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyaları araşdırır. Rusiya Federasiyasının İstintaq Komitəsi və Dövlətlərarası Aviasiya Komitəsi Aktauda qəzaya uğrayan təyyarənin “qara qutularını” araşdırır. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə daxil olan təyyarə yazıcılarından alınan məlumatlar öyrənilir. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.