"Tramp bu sənədi ləğv etməklə Amerikadakı erməni diasporu kimi ciddi qüvvəni özünə qarşı qaldırmaq istəməz".
Bunu "Yeni Sabah"a siyasi elmlər üzrə fəlsəfə doktoru, professoru Əlimusa İbrahimov deyib.
O, Bayden administrasiyasının son günlərində ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyasının Donald Tramp administrasiyası dövründə qüvvədə qalıb-qalmayacağını şərh edib.
Xatırladaq ki, Birləşmiş Ştatlarının 47-ci prezidenti sələfinin dövründə imzalanmış bir çox fərmanları ləğv edəcəyini bildirib.
Öz növbəsində, Əlimusa İbrahimov qeyd edib:
"ABŞ-nin artıq keçmiş prezident Co Bayden hakimiyyət müddətinin bitməsinə bir neçə gün qalmış Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanmasına razılıq verdi. Bu sənəd uzun müddət idi hazırlanırdı, amma Bayden administrasiyası imzalamaq fikrində deyildi.
Sonradan ermənipərəst qüvvələr Baydeni sənədi imzalamağa razı sala bildilər. Tramp və onun administrasiyasına daxil olan siyasətçilər imzalanmış Xartiya haqqında hər hansı bir fikir bildirilməyib. Məhz buna görə də onun digər sənədlərlə birlikdə ləğv olunacağı barədə fikir yürütmək çətindir”.
Politoloq əlavə edib: “Bu sənəd onlar tərəfindən qəbul olunmasa belə, onun ləğvinə ehtiyac yoxdur. Çünki sənədə daxil olan maddələrin icrası məhz yeni administrasiyadan asılıdır. Onlar istəməsə, Strateji Tərəfdaşlıq Xartiyası heç bir qiyməti olmayan kağız parçasına çevriləcək.
Tramp bu sənədi ləğv etməklə Amerikadakı erməni diasporu kimi ciddi qüvvəni özünə qarşı qaldırmaq istəməz. Amma Trampın Bayden dövründə qəbul olunmuş sənədlərin ləğvinə gəldikdə, onların sayı həqiqətən yetərincədir. Yeni prezident bir gündə 70-dən artıq fərmanın fəaliyyətini dayandırıb. Bu, Amerika tarixində anoloqu olmayan hadisədir”.
Nazim Hacıyev
Telegram kanalımız