“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov təşkilatın fəaliyyət istiqamətləri və əldə olunan nəticələr barədə QHT.az -a məlumat verib. İctimai Birliyin əsas məqsədləri sosial problemlərin həllinə yardım etmək, maarifləndirici və xeyriyyə tədbirləri keçirmək, aztəminatlı təbəqələrə, qaçqın və məcburi köçkünlərə dəstək olmaqdır:
"Birlik yarandığı gündən ölkədə məskunlaşan qaçqın və məcburi köçkünlərin sosial və humanitar problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirib. Xüsusilə qadınların sosial fəallığının artırılması məqsədilə təşkil edilən Liderlik Məktəbi təlim və seminarlarla cəmiyyətə mühüm töhfə verməkdədir. Erkən nikahlar, narkomaniya, ailədaxili zorakılıq və gender əsaslı ayrı-seçkilik kimi sosial problemlərin həlli istiqamətində valideynlərin məlumatlandırılması vacib istiqamətlərdəndir. Bu çərçivədə həyata keçirilən tədbirlər cəmiyyətin həssas qruplarının hüquqlarını qorumağa və onların rifahını yaxşılaşdırmağa xidmət edir".
Telman Dadaşov qeyd edib ki, birlik, həmçinin Böyük Qayıdış dövründə qayıdan insanların peşə vərdişlərinin artırılması, iqtisadi güclənmələri və icmaların inkişafı üçün çalışır, təşkilat, bu istiqamətdə uzun illər təcrübə toplamış, müxtəlif dövrlərdə həyata keçirilmiş layihələrdə uğurlu nəticələr əldə edib:
"2015-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə əhali arasında tibbi maarifləndirmə işlərinin təşkilində aktiv iştirak edən “Tərəqqi” İctimai Birliyi, tibbi biliklərin artırılması sahəsində fəaliyyətlərini davam etdirmək niyyətindədir".
Telman Dadaşov bildirib ki, birlik gələcəkdə də sosial problemlərin həlli istiqamətində fəaliyyətini genişləndirməyi və daha çox insana fayda verməyi qarşısına məqsəd qoyub.
Pərvanə Fərhadqızı