“Ukrayna dünyadakı bütün müttəfiqləri ondan tələb etsələr belə, hazırda Rusiyanın nəzarətində olan ərazilərindən qanuni olaraq imtina etməyəcək”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aparıcı KİV-lərin baş redaktorlarının daxil olduğu Beynəlxalq Media Şurasının nümayəndələri ilə görüşündə deyib. Görüş İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.
"Bizim üçün həmin ərazilər biz ora qayıdana qədər həmişə işğal olunmuş torpaqlar olaraq qalacaqlar", - Zelenski vurğulayıb.
Söhbət ilhaq edilmiş Krımdan, eləcə də Ukraynanın bir neçə regionunun ərazilərinin bir hissəsindən gedir. Ümumilikdə, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20%-i hazırda Rusiyanın nəzarəti altındadır.
Rusiya Krımı və Ukraynanın dörd bölgəsini özünə məxsus hesab edərək de-yure ərazilərdən imtina edilməsində israrlıdır. Ukrayna nümayəndələrinin bəyanatlarından belə çıxır ki, Kiyev təhlükəsizlik zəmanəti müqabilində əraziləri güc yolu ilə qaytarmaqdan imtina etməyə hazır ola bilər, lakin sonradan torpaqların diplomatik yollarla geri qaytarılacağını gözləyir.
Jurnalistlərlə söhbətində Zelenski təsdiqləyib ki, müharibənin qaynar mərhələsinə son qoyulması Ukrayna üçün prioritet məsələdir. “Ola bilər ki, danışıqlar uzun olsun, amma əsas odur ki, müharibənin aktiv fazası dayandırılsın”.
Bundan əvvəl bir çox KİV ABŞ Prezidenti Donald Trampın sülh planının mümkün hissəsi kimi cəbhə xətti boyunca münaqişənin “dondurulması”nın mümkünlüyündən yazırdı. Tramp vəzifəyə gəldikdən sonra yenidən müharibəni dayandırmağa çağırıb, eyni zamanda Rusiyanı danışıqlara getməyəcəyi təqdirdə sanksiyalarla hədələyib. Dövlət katibi Marko Rubio isə öz növbəsində bildirib ki, müharibənin başa çatması hər iki tərəfdən əhəmiyyətli güzəştlər tələb edəcək.
Jurnalistlərlə söhbətində Zelenski təcavüzkarı və onun qurbanını eyniləşdirməmək barədə xəbərdarlıq edərək bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə yalnız “güc mövqeyindən” danışmaq lazımdır. O, həmçinin münaqişə bitdikdən sonra təhlükəsizliyi təmin etmək üçün Ukraynada xarici kontingentin yerləşdirilməsinin tərəfdarı olduğunu deyib, lakin bunun effektiv olması üçün onun ən azı 200 min hərbçidən ibarət missiya olması lazım olduğunu qeyd edib. Bu rəqəm təxminən Fransa Silahlı Qüvvələrinin şəxsi heyətinin sayına uyğundur. Fransa və Britaniyanın Ukraynaya sülhməramlıların yerləşdirilməsi imkanını müzakirə etdiyi bildirilir, lakin hələlik konkret plan yoxdur.
Rasim Əliyev
“AzPolitika.info”