AZ

Almaniyada seçkilərə bir ay qalmış keçirilən rəy sorğusu Birliyin reytinqinin aşağı düşdüyünü göstərir

Berlin, 22 yanvar, AZƏRTAC

Almaniyada federal parlament seçkilərinə bir ay qalmış keçirilən rəy sorğusunun nəticələri Birliyin (CDU/CSU) reytinqinin aşağı düşdüyünü, Sosial Demokrat Partiyanın (SPD) isə yüksəlişdə olduğunu göstərir.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, “YouGov”un apardığı rəy sorğusunun nəticələrinə əsasən CDU/CSU-nun və Almaniya üçün Alternativ Partiyasının (AfD) reytinqi iki faiz azalaraq müvafiq olaraq 28 və 19 faizə düşüb. Bunun əksinə, SPD-nin reytinqi isə bir faiz artaraq 19 faizə yüksəlib. Sorğuya əsasən, yüksəlişdə olan partiyalardan biri də Yaşıllardır. Rəyi soruşulanların 15 faizi (1 faiz artım) bu partiyaya səs verəcəklərini ifadə edib. Kiçik partiyaların reytinqlərində isə hər hansı dəyişiklik yoxdur: Sahra Vaqenknext İttifaqı (BSW) 6, Azad Demokrat Partiya (FDP) və Sol partiyanın hər birinin reytinqi 4 faiz səviyyəsindədir.

Qeyd edək ki, digər institutlar arasında aparılan son rəy sorğularında CDU/CSU-nun reytinqi 29-31, AfD-nin 19-21,5, SPD-nin isə 16 faiz olub. Belə ki, “Forsa” institutunun bu yaxınlarda keçirdiyi rəy sorğusunda Birliyin reytinqi 31 faiz təşkil edir. Onu 19 faizlə AfD və 16 faizlə SPD izləyir. Bu göstərici FDP və BSW üçün 4 faiz, Sol partiya üçün isə 3 faiz olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
12
13
azertag.az

10Mənbələr