“Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib ki, “Mançester Siti”nin Çempionlar Liqasını tərk etməsi onun üçün xoş xəbər olacaq.
Arena.az ESPN şəbəkəsinə istinadən, italyan mütəxəssisin müvafiq dialoqunu təqdim edir:
– “Mançester Siti” Çempionlar Liqasının ələmə mərhələsinə yüksəlməsə, bu, sizin üçün yaxşı xəbər olacaqmı?
– Bəli, çünki mənim üçün “Mançester Siti” yenə də UEFA Çempionlar Liqasını qazanmağa namizədlərdən biri olaraq qalır.
Xatırladaq ki, uğursuzluq zolağında boğulan “Mançester Siti” UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində keçirdiyi 7 oyundan cəmi 8 xal toplayıb. İspan mütəxəssis Xosep Qvardiolanın “şəhərlilər”i yarış cədvəlinin 25-ci pilləsində qərarlaşıblar. Bu yer isə ələmə mərhələsinə vəsiqə vermir.
Son tur ərəfəsində “Mançester Siti”nin ələmə mərhələsinə çıxmaq üçün riyazi imkanları olsa da, “şəhərlilər” xeyli tər tökməklə yanaşı, uğura da bel bağlamalı olcaqlar.
Sonuncu, 8-ci turda “Mançester Siti”ni doğma meydanda “Brügge” ilə gərgin oyun gözləyir.