AZ

Regional inkişaf proqramları: iqtisadiyyatın diversifikasiyası və sosial ədalət

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi  

Azərbaycan Respublikasında regional inkişaf siyasəti ölkənin iqtisadi potensialının bütün ərazilərdə bərabər şəkildə səfərbər edilməsini və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını hədəfləyir.

Regional inkişaf siyasəti dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, dayanıqlı və tarazlı inkişafın təmin edilməsində əsas rol oynayır. Regionların inkişafı iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun genişləndirilməsi, əhalinin sosial təminatının artırılması və bölgələrarası fərqlərin aradan qaldırılmasına yönəlib. Azərbaycan hökuməti regional inkişaf siyasətini həyata keçirməklə ölkənin hər bir regionunun iqtisadi, sosial və təbii resurs potensialını nəzərə alaraq fərdi yanaşma tətbiq edir. Bu, regionların spesifik xüsusiyyətlərindən asılı olaraq müxtəlif istiqamətləri əhatə edir: kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və logistika, texnologiya və xidmət sektoru kimi sahələr inkişaf etdirilir. Əsas məqsəd yalnız iqtisadiyyatın şaxələndirilməsi ilə məhdudlaşmır, eyni zamanda, əhalinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və sosial bərabərliyin təmin olunmasına xidmət edir.

Hazırda ölkəmizdə regional inkişaf siyasətinin daha da inkişaf etdirilməsi sahəsində hansı addımlar atılır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Murad Bayramlı bildirib ki, Azərbaycanın regional inkişaf siyasəti ölkənin bütün regionlarının iqtisadi və sosial potensialını üzə çıxarmağa və bu potensialdan ən səmərəli şəkildə istifadə etməyə yönəlib. Bu siyasət ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, regionlar arasında balanslı inkişafı təmin etmək üçün strateji bir yanaşmadır.  Ekspert qeyd edib ki, bu siyasətin əsasını 2004-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təşkil edir. Bu proqram Azərbaycan tarixində ilk dəfə olaraq regionların hərtərəfli inkişafını təmin etmək məqsədilə geniş miqyaslı tədbirlərin icrasını nəzərdə tutan kompleks bir sistem yaratdı. Həmin dövrdən etibarən regionların iqtisadiyyatı üçün möhkəm əsaslar qurulmağa başlanıldı: 

"Proqramın birinci mərhələsi regionların əsas infrastruktur problemlərinin həllinə, yəni elektrik enerjisi, su, qaz təchizatı, nəqliyyat və kommunikasiya kimi xidmətlərin əlçatanlığına yönəlmişdi. Bu müddət ərzində regionların inkişafına böyük həcmdə investisiya qoyuldu, həm dövlət vəsaitləri, həm də beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə genişmiqyaslı layihələr həyata keçirildi. Daha sonra 2009–2013-cü illəri əhatə edən ikinci mərhələ, 2014–2018-ci illəri əhatə edən üçüncü mərhələ və 2019–2023-cü illəri əhatə edən dördüncü mərhələ təsdiq edilərək proqram davam etdirildi. Bu mərhələlərdə artıq daha mürəkkəb məqsədlər qarşıya qoyulmuşdu. Əsas diqqət iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına və regionlarda yeni iqtisadi fəaliyyət sahələrinin yaradılmasına yönəldildi. Hər bir regionun spesifik xüsusiyyətləri nəzərə alınaraq, kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarının inkişafı üçün konkret tədbirlər görüldü".

Murad Bayramlı: Regional iqtisadi inkişaf sağlam gələcəyin təməlidir

Ekspert əlavə edib ki, hazırda dövlət proqramının dördüncü mərhələsi çərçivəsində regionların sənaye və texnoloji inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə regionlarda yeni sənaye parkları və aqroparklar yaradılır, müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artırılır. Bütün bu tədbirlər nəticəsində regionlarda həm iqtisadi artım, həm də sosial rifah təmin edilir.

Azərbaycan iqtisadiyyatının uzun müddət neft və qaz sektorundan asılı olduğunu xatırladan Murad Bayramlının sözlərinə görə, lakin 2000-ci illərin əvvəllərindən başlayaraq qeyri-neft sektorunun inkişafı üçün geniş tədbirlər həyata keçirilir. Regional inkişaf siyasəti çərçivəsində kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələri xüsusi prioritet sahələr kimi müəyyən edilib:

"Aqrar sektorda modernləşmə və məhsuldarlığın artırılması məqsədilə texnika təminatı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılması və yeni suvarma sistemlərinin qurulması həyata keçirilir. Azərbaycanın şimal-qərb və cənub bölgələri turizm sektorunun inkişafı üçün geniş potensiala malikdir. Bu məqsədlə Şəki, Qəbələ, Lənkəran və digər regionlarda turizm obyektlərinin inşası və infrastrukturların təkmilləşdirilməsi həyata keçirilir".

Müsahibimiz vurğulayıb ki, eyni zamanda, regionlarda fermerlərin innovativ texnologiyalarla təmin olunması və aqrotexniki xidmətlərin göstərilməsi məhsuldarlığın artmasına töhfə verir. Onun sözlərinə görə, yeni aqroparkların yaradılması və dövlət tərəfindən təqdim edilən güzəştli kreditlər kənd təsərrüfatı sahəsində investisiyaları stimullaşdırır.

Ekspert bildirib ki, turizm sektorunda isə regional festivalların təşkili, ekoturizmin təşviqi və milli mətbəxə əsaslanan xidmətlərin genişləndirilməsi diqqət mərkəzindədir:

"Bu tədbirlər həm daxili, həm də xarici turistlər üçün cəlbedici imkanlar yaradır və regionların iqtisadiyyatına əhəmiyyətli gəlir gətirir".

M.Bayramlı regional inkişaf siyasətinin həyata keçirilməsində dövlət və özəl sektorun əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq regionların iqtisadiyyatının gücləndirilməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması baxımından mühüm rol oynayır. Dövlət özəl sektoru dəstəkləmək üçün geniş miqyaslı təşviq mexanizmləri tətbiq edir, bunlara vergi güzəştləri, subsidiyalar və güzəştli kreditlərin təqdim edilməsi daxildir. Bu addımlar sahibkarlıq fəaliyyətinin təşviqinə və regionlarda biznes mühitinin inkişafına ciddi təkan verir:

"Ölkədə sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə yaradılmış Sahibkarlığın İnkişafı Fondu bu prosesdə mühüm vasitə rolunu oynayır. Fond vasitəsilə regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlara güzəştli şərtlərlə kreditlər təqdim edilir. Bu kreditlər əsasən kənd təsərrüfatı, emal sənayesi, turizm və digər prioritet sektorların inkişafına yönəldilir. Nəticədə, regionlarda yeni müəssisələrin qurulması, mövcud istehsal obyektlərinin modernləşdirilməsi və yerli əhalinin məşğulluq səviyyəsinin artırılması mümkün olub".

Həmsöhbətimiz qeyd edib ki, eyni zamanda, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində regionlarda sənaye parkları və aqroparkların yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu parklar sahibkarlara istehsal üçün zəruri infrastruktur, müasir texnologiyalar və dəstək mexanizmləri təqdim edir. Belə addımlar regionlarda kiçik və orta sahibkarlığın inkişafını sürətləndirməklə yanaşı, yerli və milli iqtisadiyyatın dayanıqlı artımına töhfə verir.

Son olaraq M.Bayramlı deyib ki,  Azərbaycanın regional inkişaf siyasəti nəticəsində bölgələrdə infrastruktur təkmilləşmiş, əhalinin sosial vəziyyəti yaxşılaşıb. Ölkənin müxtəlif regionlarında avtomobil yolları, elektrik stansiyaları, qaz və su təchizatı xətləri, həmçinin müasir kənd təsərrüfatı obyektləri tikilib. Bununla yanaşı, qeyri-neft sektoru üzrə ixrac potensialı artıb, yeni istehsal sahələri yaradılıb:

"Nəticədə, Azərbaycanın regionları iqtisadiyyatın dayanıqlı inkişafında daha fəal rol oynamağa başlamış və ölkə üzrə sosial ədalətin təmin edilməsi istiqamətində ciddi irəliləyişlər əldə edilmişdir. Regional siyasət Azərbaycan dövlətinin strateji inkişaf planlarının ayrılmaz hissəsi olaraq, uzunmüddətli perspektivdə də ölkənin ümumi iqtisadi və sosial inkişafına xidmət edəcəkdir. Regional inkişafın davamlı olması üçün bu siyasətin hərtərəfli şəkildə dəstəklənməsi vacibdir. Dövlətin təşviq etdiyi islahatlar və özəl sektorla sıx əməkdaşlıq regionlarda yeni iqtisadi imkanların yaranmasına və sosial bərabərliyin təmin olunmasına gətirib çıxarır. Sözügedən üsul Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillər üçün daha sağlam və inkişaf etmiş bir cəmiyyətin qurulmasına şərait yaradacaq".

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Seçilən
29
50
bakivaxti.az

10Mənbələr