Braziliya millisinin və “Mançester Yunayted”in cinah hücumçusu Antoni bundan sonra “Betis”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı vinger cari mövsümün sonuna – 2025-ci ilin 30 iyununa qədər “Betis”də çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Antoni “San Paulo”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqustunda “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Braziliyalı hücumçu cari mövsümdə “Mançester Yunayted”in heyətində 14 oyuna çıxıb, 1 qol vurub.
Antoninin İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 96 oyun, 12 qol və 5 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.
Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı cinah hücumçusu Antoninin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Betis”in qapıçısı Rui Silva da Lissabon “Sportinq”inə keçib. Portuqaliya klubu 30 yaşlı portuqal qolkiperi bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Rui Silva 2021-ci ilin iyulundan “Betis”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 114 oyunda 131 qol buraxıb, 37 matçda qapısını toxunulmaz saxlayıb.
Portuqaliyalı qolkiper daha öncə “Qranada” və “Nasional” kimi klublarda da çıxış edib, Portuqaliya yığmasında 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.