Misir, İordaniya və Fələstin Muxtariyyəti ABŞ prezidenti Donald Trampın həftə sonu Qəzza zolağı sakinlərinin Misir və ya İordaniyaya köçürülməsi təklifini rədd edib.
Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Misir hökumətinin "Fələstin xalqının öz torpaqlarında qalmaq, qanuni hüquqlarını müdafiə etmək və beynəlxalq hüquqa hörmət etmək israrını" dəstəklədiyini bildirib.
Misirdə ictimai rəy hələ də fələstinlilərin Misir ərazisinə köçürülməsinə qəti şəkildə qarşıdır.
Prezident Əbdül Fəttah əs-Sissi bu yaxınlarda hərbçilərlə görüşərkən deyib ki, bəzi fələstinliləri Sinaya köçürmək asan olacaq, lakin çətinlik Misirdə hər kəsin bu ideyanı qəbul etməsidir.
Paris Universitetində siyasi elmlər üzrə dərs deyən Xattar Əbu Diab Amerikanın Səsinə bildirib ki, Misirdəki çətin iqtisadi vəziyyətə və Trampın bəzi fələstinlilərin ölkədə məskunlaşdırılması təklifini qəbul etməkdə əhəmiyyətli iqtisadi zərbə ola biləcəyinə baxmayaraq, Misir ictimaiyyəti bunu etməkdən imtina edəcək.
Qahirə Amerika Universitetinin keçmiş professoru və Atlantik Şuranın əməkdaşı Pol Sallivan Amerikanın Səsinə belə bir təklifin misirlilər üçün qəbuledilməz olduğunu deyib.
“Hakimiyyətdə qalmaq istəyən heç bir Misir lideri belə bir tələblə razılaşmaz. Bu, Misirdə sabitliyi pozacaq və çox güman ki, daha böyük regional qeyri-sabitliyə gətirib çıxaracaq"- deyə, o əlavə edib.
İordaniyanın xarici işlər naziri Ayman Safadi də Trampın təklifini rədd edərək, "Fələstin fələstinlilər üçün, İordaniya isə İordaniyalılar üçündür və Fələstin probleminin həllinin Fələstin torpağında yerləşdiyini və Fələstin dövlətinin təcəssümü olduğunu" deyib.
visiontv.az