AZ

Yeni Şam hökuməti Putinin elçiləri qarşısında qəti tələb qoydu- Əsədi təhvil verin, Suriyaya təzminat ödəyin...

Image

Yanvarın 28-də Rusiya nümayəndə heyəti Dəməşqə səfər edib. Rusiya nümayəndə heyətinə daxil olan xarici işlər nazirinin müavini Mixail Boqdanov və Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ilə 3 saat davam edən danışıqlar aparıblar.

Qeyd edək ki, bu, ötən ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Rusiya rəsmilərinin Suriyaya ilk səfəridir.

Danışıqların əsas mövzusu Rusiya hərbi bazalarının Xmeymim və Tartusda gələcək mövcudluğunun müzakirəsi olub. Suriyanın yeni hakimiyyət orqanları dialoqa hazır olduqlarını bildiriblər, lakin Dəməşqin maraqları baxımından bəzi razılaşmalara yenidən baxılmasının vacibliyini vurğulayıblar.

Əhməd əl-Şaraa ilə danışıqları Rusiya mətbuatına dəyərləndirən Boqdanov deyib ki, Rusiyanın Suriyada hərbi mövcudluğunun davam etdirilməsi məsələsi də müzakirə edilib, lakin konkret razılaşma əldə olunmayıb: "Bildiyimizə görə, Tartus və Hmeymimdəki Rusiya hərbi obyektlərinin statusu hələ də dəyişməyib. Ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrində hərtərəfli dialoqun davam etdirilməsi barədə razılığa gəldik".

Boqdanov Suriyanın şimal-qərbindəki Tartus və Hmeymimdəki Rusiya hərbi obyektlərinin Suriyadakı son siyasi dəyişikliklərdən təsirlənmədiyini iddia edib. Tartus limanının istismarı ilə bağlı müqavilənin ləğvi xəbərlərinə də toxunan Boqdanov, bunun "sırf kommersiya" xarakterli məsələ olduğunu və çox güman ki, sülh yolu ilə həll oluna biləcəyini deyib.

"Reuters" agntliyi xəbər verir ki, Suriyanın faktiki lideri Əhməd Şaraa Rusiya nümayəndə heyətindən Əsədin Suriyaya təhvil verilməsini tələb edib. Şaraa həmçinin vətəndaş müharibəsi zamanı Əsədi dəstəkləyən Rusiyadan Dəməşqin etibarını qaytarmaq üçün Suriyaya təzminat ödəməsini, ölkənin yenidən qurulması və bərpasına töhfə vermək üçün konkret addımlar atmasını tələb edib. 

Lakin Rusiya tərəfi Şaraanın tələblərinə münasibət bildirməyib. Kremlin sözçüsü Peskov vurğulayıb ki, Moskva Dəməşqdəki yeni hökumətlə dialoq qurmalı və davam etdirməlidir. Ancaq Peskov Suriyanın yeni hakimiyyət orqanlarının təzminat tələbini şərh etməyib. "Kommersant" yazır ki, "mən şərh vermirəm. Biz Suriya hakimiyyəti ilə dialoqu davam etdirəcəyik", - deyən Peskov bu barədə danışmaq istəməyib.

TAHİR





Seçilən
4
23
baki-xeber.com

10Mənbələr