AZ

Bələdiyyə seçkiləri BİTDİ: Hansı partiya nə qədər YER TUTDU?

Xəbər verdiyimiz kimi. dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Qeydiyyatdan keçmiş 26 partiyadan 23-ü isə bu seçkilərdə öz namizədləri ilə iştirak edib.

Yenicag.az partiyaların bir qismi arasında sorğu keçirərək nəticələri analiz edib.

Respublikaçı Alternativ Partiyası (REAL) sədri Natiq Cəfərli deyib ki, o, seçkilərdəki passiv aktivlikdən narazıdır:

“Bələdiyyə seçkiləri təəssüf ki, ciddi maraq doğurmadı. Rəsmi iştirak rəqəmləri də bunu göstərdi. 30 % iştirak onu göstərir ki, həm siyasi partiyalar, həm hökumət bələdiyyələrə marağın artması üçün müəyyən addımlar atmalıdır. Ümumi götürsək, ciddi pozuntuların nəzərə çarpmadığı seçki dönəmi yaşadıq. Bəzi videolar sosial şəbəkələrdə dolaşdı, amma keçmiş bələdiyyə seçkilərinə nisbətən onların sayı çox az idi. Bizim də 150-dən çox müşahidəçimiz var idi. Onlardan da ciddi qanun pozuntuları ilə bağlı xəbərlər almadıq. Amma söhbət ondan gedir ki, ümumiyyətlə, bütün seçkilər, eləcə də bələdiyyə seçkilərinə marağın artırılmasının başqa yolları tapılmalıdır. İnsanlar yerli özünüidarəetməyə güvənməli, yerli özünüidarəetmənin isə səlahiyyəti daha artıq olmalıdır ki, insanlar daha çox iştirak etsinlər. REAL namizədləri arasında seçkilərdə 5 nəfərin seçildiyi bildirilir, amma başqa dairələrdə də səslərin sayılması davam edir. Ümid edirəm ki, bu say artacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının Rəhbəri Samir Əsədli də partiyanın seçkilərdəki iştirakını dəyərləndirib:

“Vətəndaş Həmrəyliyi Partiyası bu seçkilərdə 30 nəfərin namizədliyini müxtəlif bələdiyyələrdə irəli sürüb. Onlardan 28 nəfəri müxtəlif bələdiyyələr üzrə namizəd kimi qeydiyyata alınıb. Həmin şəxslərdən 12 nəfəri müxtəlif bələdiyyələrə üzv seçiliblər. 12 nəfərdən 7-si qadın, 5 nəfər kişidir və bələdiyyə üzvü olanlardan 7 nəfər rayon təşkilatının sədr müavini, 3 nəfər rayon təşkilatının sədridir. Digər 2 nəfər isə sıravi üzvdür. Çox istərdik bütün namizədlərimiz seçilərdi, amma təəssüf ki, cəmi 12 nəfər seçildi”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə seçkinin Azərbaycan üçün uğurlu olmasını arzu edib:

 

“Seçkilərin nəticələri hələ məlum deyil. Bununla bağlı partiyanın rəsmi məlumatı olacaq. Hər halda, Azərbaycan üçün xarakterik olan seçkiyə çevrilə biləcək”.

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehdiyev partiyanın 7 namizədinin qalib gəldiyini qeyd edib:

“Milli Cəbhə Partiyası bütün seçkilərdə olduğu kimi, bu seçkidə də fəal iştirak etdi. Namizədlərimiz qeydə alınma prosesində heç bir süni maneə ilə qarşılaşmadılar. Eləcə də qeydə alınmadan sonrakı proseslərdə, təbliğat-təşviqat kampaniyasının aparılmasında, görüşlərin keçirilməsində namizədlərimizə heç bir əngəl törədilmədi.

Milli Cəbhə Partiyasının 651 müşahidəçisinin seçkiləri canlı izlədiyi seçki məntəqələrində seçicilərə qanunvericiliyə uyğun, rahat, gizli səs vermələri üçün bütün imkanlar yaradılıb. Milli Cəbhə Partiyası bələdiyyə seçkilərində respublikamızın müxtəlif bölgələrindən 7 namizədimiz qalib elan olunub. Hesab edirəm ki, Azərbaycanda bələdiyyə seçkiləri təhlükəsiz, demokratik və azad rəqabət mühitində keçirilib”.

Ağ Partiya sözçüsü Cavanşir Abbaslı da partiyanın seçkilərdəki iştirakını dəyərləndirib:

 

“Ağ Partiya bu seçkilərdə 20-ə yaxın namizədlə iştirak edirdi. Düşünürük ki, hər bir partiyanın əsas fəaliyyət növlərindən biri də seçkilərə qatılmaqdır. Əgər seçkilərə qatılmırsansa, o zaman partiyanı burax, getsin. Onun üçün də seçkilərdə iştirakı vacib sandıq. İlkin nəticələrdən sonra 10-a yaxın namizədimizin bələdiyyə üzvü kimi təsdiqləndiyi məlum oldu. Hesab edirik ki, bu da müsbət gəlişmələrdən biridir, yəni ölkədəki müxalif partiyaların bələdiyyə sistemindəki təmsilçiliyi. Bələdiyyə seçkilərində iştirak edən 23 partiyanın hər birinin namizədləri sırasından üzv kimi seçilənlər var. Bilirsiniz ki, bələdiyyələrdə növbəti mərhələ sədr və müavinlərin üzvlər arasından seçilməsidir. Ümid edirik ki, həmin prosesdə müxalif iddiaçıların sədr və ya müavin seçilmələrinə maneələr yaradılmayacaq. İndidən bu barədə danışmaq tezdir. Prosesin sonunu gözləyək”.

Partiya funksioneri seçici fəallığından az olduğunu da önə çəkərək, sözügedən seçkilərlə bağlı partiyanın mövqeyini də açıqlayıb:

“Bilirsiniz ki, bu seçkilərdəki fəallıq əvvəlkilərə nisbətən çox aşağı oldu. Bu da düşündürücüdür və qarşıdan gələn seçkilərdə Azərbaycan insanının seçkilərə marağını artırmaq üçün müəyyən addımlar da atılmalıdır. Amma bir faktı da deyək ki, Avropanın əksər ölkələrində 32 faizə yaxın fəallıq (bələdiyyə seçkilərində 31.45 faiz fəallıq olub) yüksək nəticə kimi xarakterizə olunur. Partiyanın mövqeyinə gəldikdə isə əvvəldə də dediyim kimi, müsbət gəlişmələrin yaşandığı bir seçki oldu. Ümumi götürdükdə, seçki günü bəzi kadrlar istisna olmaqla o qədər də qanun pozuntusu təsdiq edən faktlar da olmadı. Amma istənilən halda heç bir qanun pozuntusuna yol vermək olmaz. Müxalifət düşərgəsinin ölkənin idarəçilik, qanunvericilik və bələdiyyə sistemində iştirakı çox vacibdir. Könül istərdi ki, bu proses davamlı olsun”.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu isə hesab edir ki, bu seçkilər demokratiya doğru növbəti addım oldu:

“Siyasi partiyalardan mütləq əksəriyyətinin, lap dəqiq söyləsək, 26 siyasi partiyadan 23-nün namizədi qeydə alındı. Gələcək Azərbaycan Partiyası da öz namizədləri ilə seçkilərə qatılmışdı. İstər imzatoplama kampaniyası zamanı, istər qeydiyyat zamanı, istər təbliğat dövründə, istərsə də, seçki günündə namizədlərimizdən hansısa birinin partiya rəhbərliyinə şikayəti və ya hüquqlarının məhdudlaşdırılması ilə bağlı müraciəti daxil olmamışdır. Səsvermə prosesini izləyən nümayəndələrimiz də mərkəzi qərargaha pozuntu ilə bağlı hər hansı arayış təqdim etmədilər. Bütün bunlar olduqca pozitiv haldır və demokratiyaya doğru növbəti addımdır. Beləliklə, 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkilərinin təhlükəsiz, demokratik və azad rəqabət şəraitində keçirildiyini rahatlıqla söyləmək olar. Seçki institutunun daha da təkmilləşməsi, vətəndaşlarımızın seçib-seçilmək hüquqlarından maksimum dərəcədə istifadə etmələri üçün bundan sonra da keçiriləcək seçkilərdə iştirakçılığımız davam edəcək”.

Onun sözlərinə görə, demokratiyanın təməl prinsiplərindən biri də iştirakçılıqdır:

“Heç şübhəsiz ki, siyasi partiyaların seçki prosesində iştirakı seçkilərə həm də vətəndaş nəzarəti deməkdir. Namizədlərimizlə bağlı yekun nəticələr hələlik məlum olmasa da, seçki marafonu geridə qaldı. Qalib gəlmiş namizədlərimiz də var, məğlub olmuş namizədlərimizdə. Qalibləri təbrik edir, məğlub olmuş namizədlərimizə də yeni seçkilərə hazırlaşmağı tövsiyə edirəm. Növbəti seçkiyə daha yaxşı hazırlaşmaq ümidilə, Dövlətimiz, xalqımız və millətimiz üçün xeyirli-uğurlu olsun”.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da həmçinin seçkilərin tam şəffaf keçirildiyini düşünür:

“Bələdiyyə seçkilərdə Ana Vətən Partiyası bütün bələdiyyə seçkilərində olduğu kimi, bu seçkilərdə də fəal iştirak etmişdir. Çoxsaylı namizədlər arasında daha çox şansı olan 20 nəfərlə iştirak etdik. Bundan başqa, çoxsaylı müşahidəçimiz də müxtəlif məntəqələrdə seçkiləri müşahidə etdilər. Partiyamıza daxil olan məlumata görə, seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilmiş, səsvermə prosesi şəffaf, azad və demokratik mühit təmin olunmuşdur”.

“Eyni zamanda, seçkilərdə iştirak edən bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır. Beləliklə, biz daha bir seçkini arxada qoyduq. Partiyamızın 20 namizədinin nəticəsi haqqında tam məlumatları əldə etməmişik, amma ilkin məlumatlara görə Ana Vətən Partiyası bu seçkilərdə öz namizədləri ilə ciddi uğur qazanmışdır. Seçkilərin başa çatması münasibətilə bütün xalqımızı təbrik edir, seçilənlərə uğurlar arzu edir və onlara Azərbaycan xalqına daha yüksək xidmət göstərməsi kimi şərəfli vəzifəsində can sağlığı diləyirəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

Seçilən
10
27
yenicag.az

10Mənbələr