AZ

Pentaqon təyyarə ilə toqquşan helikopterin məxsus olduğu bölmənin uçuşlarını dayandırıb

Pentaqon yanvarın 29-da Vaşinqton səmasında təyyarə ilə toqquşmuş helikopterin məxsus olduğu ABŞ Quru Qoşunlarının müvafiq bölməsinə uçuşlarını müvəqqəti dayandırmaq göstərişi verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

“Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılarkən 12-ci aviasiya batalyonuna fövqəladə hallar üzrə tapşırıqların yerinə yetirilməsi üçün 48 saatlıq əməliyyat fasiləsi verilib”, - o, çıxışı zamanı deyib.

Helikopterdə olan hərbçilər barədə danışan Heqset onların kifayət qədər təcrübəli ekipaj olduğunu qeyd edib. Onun sözlərinə görə, hərbçilər gecə uçuşu üzrə illik təlim keçiblər.

“Onların gecəgörmə eynəkləri var idi”, - Pentaqon rəhbəri vurğulayıb.

Heqset ABŞ Hərbi Hava Qüvvələrinin mütəxəssislərinin araşdırma aparmaq üçün qəza yerində olduğunu söyləyib. Onun sözlərinə görə, ekspertlər hadisə helikopterin təyin olunmuş hava dəhlizində və tələb olunan hündürlükdə olub-olmamasını müəyyən etməlidir.

Xatırladaq ki, bu gün səhər saatlarında “American Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Fövqəladə hallar xidmətinin rəsmiləri qəzadan sağ çıxan olmadığını bildiriblər.

Seçilən
8
43
azpolitika.info

10Mənbələr