AZ

Azərbaycan millisinin sabiq hücumçusu: Haiti və Belarusla oyunlarda nəticə deyil, yaxşı oyun önəmlidir

Bakı, 18 mart, AZƏRTAC

“Haiti və Belarus yığmalarına qarşı oyunlar Azərbaycan millisinə yeni cəlb edilən futbolçular üçün yaxşı təcrübə olacaq. İndi həmin oyunçular bundan maksimum şəkildə istifadə etməlidirlər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları barədə danışarkən deyib.

Veteran hücumçunun fikrincə, bu matçlarda nəticə deyil, yaxşı oyun önəmlidir: “Haiti olmasın, başqa bir yığma olsun. Əsas odur ki, öz oyunumuzu inkişaf etdirək. Əlbəttə ki, qazanılan hər qələbə ölkə və futbolçular üçün stimul olacaq. Lakin sırf buna da köklənmək olmaz. Futbolçular performanslarını artırmalıdırlar. Harada səhvlər edirlərsə, onları yenidən görməlidirlər. Yoldaşlıq görüşlərində bunlar vacibdir. Ümid edirəm ki, futbolçularımız bu matçlardan nə isə qazanacaqlar”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də Masazırda yerləşən "Bank Respublika Arena"da isə Belarusla üz-üzə gələcək.

Seçilən
53
50
azertag.az

10Mənbələr