Futbol üzrə İngiltərə yığmasının keçmiş hücumçusu Qari Lineker “Mançester Siti”nin oyun böhranı ilə bağlı fikrini paylaşıb.
Arena.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:
“Xosep Qvardiola hər şeyi dəyişəcək. Buna heç bir şübhəm yoxdur. Yeganə sual bunun nə vaxt olacağıdır.
İndi hər şey çox qəribə görünür. Bu, “Pep” üçün əsl çağırışdır. Ona görə də hamımız onun komandaya bunun öhdəsindən gəlməsində necə kömək edəcəyini səbirsizliklə gözləyirik”, deyə Qari Lineker vurğulayıb.
Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 500 oyun keçiriblər, 362 qələbə qazanıblar, 63 heç-heçə ediblər, 75 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1252:464 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.
19 turdan sonra 31 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 5-ci sırada qərarlaşıb. Bu komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki durumu daha pisdir. “Şəhərlilər” 6 oyuna 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüblər. İngiltərə çempionu 8 xalla 22-ci pillədə qərarlaşıb.