Avropa Birliyinin Copernicus peyk izləmə sistemi 2024-cü ilin ən isti il kimi qeydə alındığını açıqlayıb.
Medianews.az “TRT haber”ə istinadən xəbər verir ki, açıqlamaya görə, 2024-cü il, 1850-ci ilə qədər uzanan qlobal istilik rekordlarında ən isti il olub.
Qlobal orta temperatur 15,10 dərəcə, 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ildən isə 0,12 dərəcə yüksək olub.
Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən “sənayedən əvvəlki dövr”ün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il olub. 2023-cü il qeyd olunan orta göstəricini 1,48 dərəcə üstələyib.
2024-cü il iyulun 22-də 17,16 dərəcə ilə gündəlik qlobal orta temperaturun yeni rekordu qeydə alınıb. 2024-cü ilin yanvarından iyun ayına qədər hər ay əvvəlki ilin eyni ayına nisbətən daha isti olub. 2024-cü ilin yayı həm də tarixdə ən isti yay olub.
Açıqlamada Copernicus İqlim Dəyişikliyi Xidmət direktoru Carlo Buontempo aşağıdakı bunları deyib:
“Bütün beynəlxalq səviyyədə hazırlanmış qlobal temperatur məlumat dəstləri göstərir ki, 2024-cü il qeydlərin başladığı 1850-ci ildən bəri ən isti ildir. Bəşəriyyət öz taleyinə cavabdehdir, lakin bizim iqlim probleminə necə cavab verəcəyimiz dəlillərə əsaslanmalıdır. Tez və qətiyyətli hərəkət hələ də gələcək iqlimimizin gedişatını dəyişə bilər”.