EN

Basketbol: “Sabah” mövsümdə 2-ci məğlubiyyətini aldı

Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 10-cu turuna start verilib.

Arena.az xəbər verir ki, 2025-ci ilin ilk qarşılaşması Bakı İdman Sarayında təşkil olunub.

A qrupunun matçında liderlər üz-üzə gəliblər. “Sabah” ən yaxın izləyicisi “Naxçıvan”la qarşılaşıb. Oyuna daha yaxşı başlayan Naxçıvan təmsilçisi böyük fasiləyə kiçik üstünlüklə yollanıb. Novbəti dövrədə də üstünlüyünü davam etdirən Murat Dikmenin komandası 5 xal fərqi ilə qalib gəlib. Nəticədə Azərbaycan çempionu mövsümdə ikinci dəfə uduzub.

Oyunun ən dəyərli basketbolçusu 31 xal və 4 ribaundla Cermeyn Merrou (“Naxçıvan”) seçilib.

10-cu turun növbəti oyunları (“Abşeron” – “Neftçi”, “Sərhədçi” – NTD, “Lənkəran” – “Şəki”, “Ordu” – “Quba”, “Gəncə” – “Sumqayıt”) 9-12 yanvar tarixlərində keçiriləcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 10-cu tur
8 yanvar

“Sabah” – “Naxçıvan” 75:80 (22:23, 20:22, 14:17, 19:18)
Bakı İdman Sarayı.

Xallar: Sabah – 18. Naxçıvan – 16. Sərhədçi – 13. Abşeron – 12. Neftçi – 11. NTD – 10.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
11
9
arena.az

10Sources