EN

Azərbaycan Milli Elmi Komandası Sidneydəki Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmi Komandası Avstraliyanın Sidney şəhərində təşkil olunacaq Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək. 76-cı Beynəlxalq Astronavtika Konqresi sentyabrın 29-dan oktyabrın 3-dək keçiriləcək.

AZƏRTAC Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) məlumatına istinadla xəbər verir ki, Milli Elmi Komanda artıq 4-cü ildir ki, bu tədbirdə aktiv iştirak edir. Bu ilki konqresin əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olacaq və bu mövzu kosmos yenilikləri ilə dayanıqlılıq arasındakı əlaqəni araşdıracaq. Mövzu üç əsas sahəyə fokuslanacaq: Yer üçün kosmos əsaslı tətbiqlər, dayanıqlı kosmos fəaliyyətləri və Yerdən kənarda həyatın davam etdirilməsi.

Sidney Konqresində təqdim olunacaq elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi mövzuları əhatə edəcək.

Sidney Konqresi haqqında məlumat Azərbaycan Milli Elmi Komandasının Sertifikat Təltifetmə Mərasimi və Beynəlxalq Astronavtika Konqresi 2025 layihəsi çərçivəsində Mentorluq Proqramının təqdimatı tədbirində təqdim olunub.

Tədbir, Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilib. Mərasim, Azərbaycanın kosmik elm sahəsindəki inkişafını və kosmik ekosistemi dəstəkləyən təşəbbüslərin gücləndirilməsi məqsədini daşıyır.

Tədbirdə, ötən il oktyabrın 14-18-də keçirilmiş “Dayanıqlılıq naminə kosmik məsuliyyət” çağırışı altında keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində əldə olunan böyük uğurlar qeyd edilib. Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təqdim edilən 345 məqalə arasından 92-si qəbul edilmiş və Azərbaycan Milli Elmi Komandasının 52 üzvü Milan şəhərinə səfər edərək, öz işlərini beynəlxalq auditoriyaya təqdim edib. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çinin sırasında ilk beşlikdə yer alıb.

Mərasim çərçivəsində təqdim olunan Mentorluq Proqramı isə gənc mütəxəssislərə kosmik elm sahəsində bilik və təcrübə mübadiləsi aparmaq üçün yeni imkanlar yaradacaq.

 

Chosen
3
3
azertag.az

4Sources