EN

İranın qırmızı xəttdinin rəngi dəyişdi – Tehrana yeni rəng nümayiş etdiriləcək – ABŞ-Ermənistan sazişinə ekspert rəyi

Qərbin Cənubi Qafqaz siyasəti regionda pozuculuğa yönəlib. Bölgədə münaqişə ocağını saxlamaq üçün Ermənistanı əlində vasitəyə çevirən ABŞ və Fransa düşmən ölkəyə hər cür hərbi və siyasi dəstəyi verməkdə davam edir. Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa çalışan ABŞ niyyətini gizlətmir və Rusiyanı regiondan çıxartmaq, İrana nəzarət etmək üçün səylərini davam etdirir. Dünən Vaşinqtonda ABŞ-ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında imzalanan saziş də Vaşinqtonun Cənubi Qafqaz siyasətinin bir hissəsidir.

Bunu KONKRET.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirdi:

“Bu saziş Cənubi Qafqaz regionu üçün müəyyən problemlər vəd edir. Uzun müddətdən bəri region dövlətlərinin razılaşdığı ən mühüm məqam arxa plana atılıb. Son beş ildə Cənubi Qafqa ölkələri bölgənin problemlərini kənar qüvvələr olmadan özləri həll etmək istəyirdilər. “3+3” formatına sözdə qoşulan Ermənistan əslində bu anlaşmanı da pozdu. Bu anlaşmada  məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ  Ermənistanın təhlükəsizlik məsələlərini öz üzərinə götürür. O cümlədən gömrük və sərhəd məsələlərin də aktiv rol alacağı planlaşdırılır. Artıq bir il yarımdan çoxdur ki, Amerika və Ermənistan hərbçiləri birgə təlimlər keçirir. O cümlədən Ermənistan ordusunda amerikalı hərbi müşavirlərin yer alması  və Kanzas ştatının milli qvardiyası ilə Ermənistan ordusu arasındakı əlaqələrin və təlimlərin genişləndirilməsi əlbəttə ki, təhlükəsizlik sferasında müəyyən problemlər yaradır. Dünən Entoni Blinken qeyd etdi ki, yaxın günlərdə bir qrup amerikalı ekspert Ermənistanda gömrük və sərhəd məslələrini araşdıracaqlar”.

Politoloq əlavə edib ki,bu anlaşmadan Rusiya möhkəm narahatdır və Ermənistanın bu addımı Moskvanın maraqlarına ziddir:

“Bu müqavilə Ermənistan Rusiya münasibətlərinə mənfi təsir edəcək. Ermənistan artıq Rusiyanın nəzarətindən çıxaraq ABŞ-nin himayəsinə girəcəyini planlayır. Bu da təbii ki, Rusiya tərəfindən məmnunluqla qarşılanır. Artıq həm Aİ-yə üzvlük, eyni zamanda ABŞ-ilə  imzalanan sənədlə bağlı Rusiya ciddi narahatlıq  ifadə edib. Bu da müəyyən gərginliklər yaradacaq.  ABŞ-ilə müəyyən sahələrdə anlaşan Ermənistan,  Rusiyanı özünün enerji sektorundan kənarlaşdırmağı planlaşdırır. Ermənistan bu anlaşma ilə ABŞ-ilə hərbi sferada da əməkdaşlığı genişləndirmək niyyətindədir. Mirzoyanın verdiyi açıqlamalarda əslində bu sualın cavabını tapmaq mümkündür. Çünki o qeyd edir ki, İŞİD-lə mübarizədə Ermənistan Amerikayla bir yerdə mübarizə aparmağa hazırdır və bu koalisiyaya qoşulmaq istəyir”.

Bütün zamanlarda Ermənistanın müdafiəçisi kimi çıxış edən İran, indi ən böyük düşmənini qapısının ağzında görə bilər. İmzalanan sənədlərə görə ABŞ Ermənistanın sərhədlərinə və gömrüyünə də nəzarət etmək hüququ əldə edib. Bəs o zaman Ermənistan sərhədlərini özünün qırmızı xətti hesab edən İranın növbəti xəttinin rəngi hansı olacaq: “Bütün bunlar İranı da narahat etməlidir. Amma  onların ciddi narahatlığı hələlik hiss olunmur. Baxmayaraq ki, müəyyən formada guya “nigarançılıq, narahatçılıq” çatdırılsa da, İrandan fərqli mövqe görmürük. Əslində, İranın özü  nə qədər üzdə anti-Qərb ritorikasında olsa da faktiki, arxa planda Qərblə kifayət qədər ciddi əlaqələrə malikdir. Amma ümumən anlaşmanın şərtləri ABŞ-nin Cənubi Qafqaz siayasətinin prioritetlərinin nümayişidir. Obama  hakimiyyətinin sonunda da ABŞ Ermənistana ciddi dəstək vermişdi. Həmin vaxt ABŞ tələsik  Qarabağ ərazisinə müasir müşahidə kameraları göndərdi və həmin kameralardan ermənilər təmas xətti boyunca istifadə etdilər. Bu bir daha göstərir ki, erməni diasporası ilə sıx əlaqəsi olan Demokratlar ABŞ maraqlarından daha çox regionda Ermənistanın və erməni diaporasının maraqlarını təmin edirlər. Həm də bu addım Cənubi Qafqazda gələcək üçün təhlükə mənbəyidir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
17
50
konkret.az

10Sources