EN

Baydenin SON “VƏSİYYƏTİ” – Ermənistanla imzalanan sənədin Trampın dövründə nə ÖNƏMİ OLACAQ?

Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri və burada dövlət katibi Entoni Blinkenlə görüşü çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq sazişi də imzalanıb. Sazişdə iqtisadi, təhlükəsizlik əlaqələri, nüvə energetikası, islahatlar, demokratik dəyişikliklər məsələsi yer alıb.

Bundan əlavə, ABŞ sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək

Maraqlıdır ki, bu sənəd Bayden adminstrasiyasının hakimiyyəti təhvil verməsinə bir neçə gün qalmış imzalanıb. Bu isə o deməkdir ki, Bayden həmin sənədin icrasını yeni gələn Prezident Trampın üzərinə atmaq istəyir.

Bəs sözügedən sənədin Tramp dönəmində hər hansı önəmi olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Bayden adminstrasiyasının İrəvanla bağladığı strateji tərəfdaşlıq sazişi Tramp tərəfindən yenidən qiymətləndiriləcək.

“Bayden adminstrasiyasının hakimiyyətinin sonuna bir neçə gün qalmış tələm-tələsik Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzalamasının hansı hüquqi öhdəlik və məsuliyyət yaratdığı şübhəsiz ki, Tramp adminstrasiyası tərəfindən yenidən qiymətləndiriləcək. Nəticə etibarı ilə bu sənəd dövlətlərarası sənəd deyil. İki dövlət xidməti, yəni hər iki ölkənin xarici işlər nazirləri arasında imzalanmış ratifikasiya edilməmiş bir sənəddir.

 Beynəlxalq hüquq nöqteyi-nəzərindən dövlətlərarası heç bir öhdəlik daşımır.

Amma müəyyən qayda və şərtlər formalaşdırır ki, bu ABŞ-ın daha çox Rusiyadan boşanmaqda olan Ermənistana öz nüfuzunu yayması hesab edilə bilər. Çünki sənədin imzalanması bir qədər sonraya qalacaqdısa və 2025-ci ildə Şərqi Avropada müharibənin yekunlaşması və ya passiv mərhələyə keçməsilə bağlı qəralar qəbul ediləcəksə, o zaman artıq Rusiya belə bir sənədin imzalanmasına və Amerikanın sərhəd-mühafizə qruplarını Ermənistana göndərməsinə maneə ola bilərdi”.

İran niyə susur?

Deputatın fikrincə, burada maraqlı olan daha bir məqam İranın həmin sazişlə bağlı mövqeyidir:

“İran regionda üçüncü, kənar tərəfin iştirakını rədd etdiyi halda, ABŞ-ın məhz Ermənistanın İranla sərhədinə sərhəd-mühafizə qruplarını göndərməsi məsələsində nədənsə susmağa üstünlük verir, İrəvana heç bir təzyiq göstərmir. Demək ki, burada ABŞ-la İran arasında hansısa bir gizli danışıqlar ola bilər. Düşünürəm ki, burada Vaşinqtonla Tehran arasında məxfi razılaşma var. Ona görə də İran səsini çıxarmır”.

Azərbaycana gəlincə...

Azərbaycana gəldikdə, deputat qeyd edir ki, Tramp dövründə Bakı ilə Vaşinqton arasında bənzər sənədin imzalanması ilə bağlı real şərtlər formalaşa bilər:

“Ölkəmiz ABŞ-la münasibətlərə daima böyük diqqət yetirib. Tramp adminstrasiyası dövründə bənzər sənədin imzalanması ilə bağlı real şərtlər formalaşa bilər. Azərbaycan Prezidenti yerli mediaya müsahibəsində bunun anonsunu edib. Qeyd edib ki, ABŞ-la münasibətlərimizi strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmağa hazırıq. Əminik ki, Tramp adminstrasiyası ilə gələcəkdə ölkəmizi işgüzar, qarşılıqlı, bərəbərhüquqlu tərəfdaşlıq gözləyir”.

Rüfət Sultan, Bizim.Media

Chosen
15
50
bizim.media

10Sources