EN

ABŞ ilə imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan-Rusiya münasibətlərinə ciddi təsir göstərəcək - RƏY

ABŞ ilə imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı mövqeyinə ciddi təsir göstərəcək.

Bunu “Report”a açıqlamasında politoloq Nağı Əhmədov deyib.

Onun sözlərinə görə, bu sənədin imzalanması ötən il aprelin 5-də ABŞ, Ermənistan və Avropa İttifaqı arasında keçirilən yüksəksəviyyəli görüşlə başlayan prosesin davamı kimi qiymətləndirilməlidir:

“Sənədin mətninə baxdıqda görürük ki, müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa xüsusi bölmə həsr edilib. ABŞ Dövlət katibi Antoni Blinken də çıxışı zamanı Ermənistanın sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirdi. Hazırda Birləşmiş Ştatlar Ermənistana bu istiqamətdə dəstək vermək niyyətindədir”.

Ekspert bildirib ki, yanvarın 1-dək Ermənistanın bütün sərhəd keçid məntəqələri Rusiyanın nəzarətində idi:

"Həmin tarixdə isə İran-Ermənistan sərhəd keçid məntəqələrindən Rusiya sərhədçiləri çıxarıldı. Beləliklə, bu iş Ermənistan Milli Təhlükəsizlik xidmətinə həvalə edildi. Ancaq ABŞ-Ermənistan razılaşması onu deməyə əsas verir ki, bundan sonra böyük ehtimalla sərhəd keçid məntəqəsində proseslər ABŞ-nin xüsusi nümayəndələrinin birbaşa və ya dolayı yolla iştirakı ilə tənzimlənəcək".

N.Əhmədov sənəddə ABŞ-dən Ermənistana kütləvi qırğın silahları, təhlükəli texnologiyaların ixracına nəzarət məqsədilə yardım göstəriləcəyi qeyd olunub:

"Sənədin imzalanmasını sürətləndirən amillərdən biri də Yaxın Şərqdə, İran ətrafında baş verən hadisələrin əhəmiyyətinin ABŞ üçün artmasıdır. Həm Ukraynada baş verən hadisələr, həm İranın uranı zənginləşdirməklə bağlı atdığı addımlar ABŞ-də son dövrlərdə xüsusi narahatlıq doğurur".

Politoloq vurğulayıb ki, İran və Rusiya arasında müdafiə və nüvə sənayesi texnologiyalarının qarşılıqlı transferi ilə bağlı məsələlər hər zaman müzakirə edilib:

"Görünür, ABŞ İran və Rusiya arasında əsas texnologiya və nüvə silahları ilə bağlı materialların ixracına indi nəzarət etmək istəyir. Bu məqsədlə də Ermənistanın sərhəd keçid məntəqəsində öz imkanlarını genişləndirməyə çalışır”.

N.Əhmədov söyləyib ki, Rusiyanın ənənəvi müttəfiqi olmasına baxmayaraq, Ermənistanın son vaxtlar strateji oriyentasiyasında müəyyən dəyişikliklər müşahidə edilməkdədir:

“Rusiya tərəfi rəsmi mövqeyində bu məsələni Ermənistanın suverenlik hüququ kimi qiymətləndirib. Rusiyanın rəsmi olaraq məsələyə dözümlü yanaşdığını müşahidə edirik. Lakin hadisələrin gələcək inkişafını indidən demək çətindir. Böyük ehtimalla bu müqavilə Ermənistanın Rusiya və onun rəhbərlik etdiyi təşkilatlardakı mövqeyinə təsir göstərəcək".

Siyasi şərhçi qeyd edib ki, məsələnin Ermənistan və Rusiyanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığına təsirsiz ötüşməsi mümkün deyil:

"Çünki Ermənistan və ABŞ arasında imzalanmış sənəddə Ermənistanın Avroatlantik resurslara inteqrasiyası da nəzərdə tutulur. Bu isə dolayı yolla Ermənistanın Rusiyanın rəhbərlik etdiyi strukturlardan uzaqlaşmasını sürətləndirəcək”.

Chosen
10
50
report.az

10Sources