Suriyanın yeni hökumətinin lideri Əhməd əş-Şaraa ABŞ Prezidenti Donald Trampı vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
Məlumata görə, əş-Şaraa təbrikində ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istəyini ifadə edib.
Tramp yanvarın 20-də Amerika administrasiyasının rəhbəri vəzifəsinə başlayıb.
Ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub.