EN

Rusiyada vurulmuş təyyarəmizlə bağlı 3 ölkədə məhkəmə qurulacaq?

Image

Çingiz Qənizadə: “Günahkarların həbsi Rusiya tərəfindən reallaşacaq və məhkəmə də bu ölkədə aparılacaq”

Ötən ilin sonunda "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğradı. Qəzanın araşdırılması ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işi açılıb. Bu barədə baş prokuror Kamran Əliyev deyib. O qeyd edib ki, hazırda hər üç ölkə özünə uyğun sübutları toplayıb istintaqa təqdim edib. 

Qeyd etdiyimiz kimi, məlum hadisə ilə bağlı 3 ölkədə cinayət işi açılıb. Maraqlıdır, təyyarə qəzası ilə bağlı məhkəmə prosesi üç ölkənin hər birində keçiriləcək, yoxsa bir ölkədə?

“Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işi açılıb, birgə əməkdaşlıq nəticəsində istintaq işi aparılır”

Hüquq müdafiəçisi Çingiz Qənizadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işi açılıb, birgə əməkdaşlıq nəticəsində istintaq işi aparılır: “Azərbaycan istintaqçıları Rusiyada, Rusiya istinqançıları Qazaxıstan və ya ölkəmizdə ola bilər. Bu ümumi işin xeyrinədir. Ancaq yazan-pozan müxtəlif ölkələrin nümayəndələridir. Rusiya tərəfi tam gücü ilə çalışır ki, bu məsələni öz üzərindən atsın. Çünki ayrı-ayrı ictimai siyası xadimlər, dırnaqarası mütəxəssislər qəzanın baş vermə səbəblərini özlərindən uzaqlaşdırmaq istəyir. Ancaq qara qutunun Braziliyada oxunması, deşifrə olunması çox vacib şərtlərdən biridir. İstintaq üçün lazım olacaq bütün dəlillər qara qutudadır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, təyyarə qəzası ilə bağlı üç ölkədə istintaq işi aparılır. Hazırda hər kəsi məhkəmənin hansı ölkədə keçiriləcəyi maraqlandırır: “Məlumat üçün deyim ki, hava gəmisi Azərbaycana məxsus olduğu üçün cinayət işi ölkəmizdə qaldırılmalıdır. Cinayət hadisəsinin törədildiyi ərazi Rusiyadırsa, təbii ki, orda da cinayət işi açılmalıdır. Qəzanın baş verdiyi digər ərazi Qazaxıstan olduğu üçün orda da cinayət işi açılmalıdır. Məhkəmənin hansı ölkədə keçiriləcəyinə gəlincə deyim ki, cinayətkarlar Rusiya hava hücumundan müdafiə, digər texniki heyət və ya buna rəhbərlik edən şəxslər arasından üzə çıxacaqsa, günahkarların həbsi Rusiya tərəfindən reallaşacaq və məhkəmə də bu ölkədə aparılacaq”.

Günel CƏLİLOVA





Chosen
34
50
baki-xeber.com

10Sources