EN

Akif Nağı: “Paşinyanın 2 hədəfi var”

“Erməni toplumu indiyə qədər yaratdıqları reallıqdan uzaq mifik tarixin arxasında gedib”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O, Nikol Paşinyanın “real Ermənistan” bəyanatları barədə danışıb:

“Əslində, ermənilər xülyaları deyil, “real Ermənistan”ı istəməlidirlər. Mifik tarixdən xilas olmaq onların özləri üçün yaxşı olar. 

Nikol Paşinyan oyun oynamamlıdır. O gah “real Ermənistan” deyir, gah da Azərbaycana qarşı başqa iddialar irəli sürür. Lakin son zamanlarda real tarixə doğru da müəyyən addımlar atıblar. Hətta son çıxışlarında Konstitusiyanı dəyişməklə bağlı fikirlər səsləndirir. Paşinyan sözlərini əsaslandırı ki, Konstitusiya dəyişikliyi Azərbaycan və Türkiyənin mövqeyinə təslim olmaq deyil.

Əksinə, Paşinyan bildirir ki, bu addımı atmayacağı təqdirdə dünya ölkələri Ermənistana silah satmayacaq”. 

Partiya sədri qeyd edib ki, Paşinyan ikibaşlı açıqlamaları ilə həm də zaman qazanmağa çalışır: 

“Paşinyan nə zamansa Azərbaycan və Türkiyənin regiondakı mövqelərinin zəifləyəcəyini zənn edir. O, hətta başqa dövlətə də sığına biləcəklərini düşünür. Onsuz da Ermənistan hər zaman öz təhlükəsizliyini başqa dövlətlərə bağlayırlar. Gah Rusiyaya, gah ABŞ-yə, gah da Fransaya güvənirlər. 

Əslində, kimsə gəlib onların yerinə döyüşməyəcək. Yəni hazırda ermənilər çox gülünc vəziyyətdədirlər. Nikol Paşinyanın son bəyanatları vaxt qazanmağa hesablanıb. Lakin zamanın onların xeyrinə işləmədiyini başa düşməlidirlər. Hesab edirəm ki, Ermənistan Azərbaycan və Türkiyənin himayəsi altında balaca bir dövlət kimi mövcudluğunu davam etdirməyi düşünməlidir”. 

Akif Nağının fikrincə, Paşinyanın “real Ermənistan” istiqamətində atdığı müsbət addımlar da var: “Paşinyan həm də “real Ermənistan” üçün vaxt qazanmaq istəyir.

O, bunun üçün uyğun şəraitin formalaşmasını gözləyir. Məncə, Paşinyan hakimiyyəti Azərbaycanı qəzəbləndirməmək üçün müəyyən qədər reallığa da yaxınlaşmağa çalışır. Paşinyan həm daxildəki, həm də xaricdəki erməni cəmiyyətini reallığa uyğunlaşdırmaq üçün addımlar atır. Yəni o, vaxt qazanmaqla yanaşı, həmçinin nəticə də əldə etmək istəyir. Nəticə isə “real Ermənistan”ın mövcudluğunu saxlamaqdır”. 

Chosen
26
32
cebheinfo.az

10Sources