EN

Ukrayna mövcudluğunu dayandıra bilər? – Hərbi kəşfiyyatın rəhbərindən xəbərdarlıq

“Trampın sülh planı hələlik nəzəri olaraq qalır. Rusiya isə digər sülh təkliflərini rədd edir və Putin ilə birbaşa müzakirə olmadan bu, böyük ehtimalla belə də qalacaq. Lakin hətta Putin ilə görüş də bu məsələni həll etməyə çox güman ki, kömək etməyəcək. Çünki Rusiya özünü güclü mövqedə hiss edir, daha da irəliləyə biləcəyini düşünür, həmçinin Trampın Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklərinin miqyasını götür-qoy edir”.

Bunu Oxu.Az-a açıqlamasında amerikalı politoloq İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya özünün geosiyasi məqsədlərinə çox sadiqdir və Avropada möhkəmlənmək, əlavə təbii sərvətlərə çıxış əldə etmək üçün proseslərə təsir edə bilən güc kimi geosiyasi mövqedən Ukraynaya ehtiyac duyur: “Əgər Moskva bu çıxışından məhrum olsa, yəni Ukrayna ərazilərindən çıxarılsa və ən əsası, NATO-nun sülhməramlı qüvvələri bu ərazilərə cəlb olunsa, bu halda Rusiya maraqlarının reallaşmasına nail ola bilməyəcək. Moskva bununla həm də bəzi Avropa ölkələrinin daxili siyasətindəki təsirini itirə bilər. Çünki belə olan halda, həmin ölkələr Rusiyanın zəiflədiyini və siyasi güzəştlərə məcbur edildiyini görəcək. Beləliklə də, Moskva Avropa ölkələrindəki müttəfiqləri üçün dəyərini itirəcək. Bu səbəbdən Rusiya üçün özünün iştirakı və təklifləri olmayan sülh planı keçərsizdir. Moskva buna görə də məsuliyyəti mümkün qədər Kiyevin üzərinə atmağa çalışacaq, Trampın izolyasionist sxemindən istifadə edəcək. Düşünürəm ki, Tramp nəticədə Rusiyaya qarşı mövcud sanksiyaları tətbiq etməyə və Ukrayna ilə daha sıx işləməyə məcbur ediləcək”.

“Bu, Tramp üçün də əlverişli deyil. Çünki bu, Birləşmiş Ştatların müttəfiqləri ilə münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirə, hətta onun NATO-da təsir gücünü zəiflədər. Bu da onun digər təhlükəsizlik strategiyasında, məsələn Çin ilə bağlı əməkdaşlıq, terrorizmə qarşı mübarizə, İranla bağlı narahatlıq doğuran məsələlərdə özünü göstərə bilər. Buna görə də Kiyevə yardımı tamamilə dayandırmaq Vaşinqtonun maraqlarına uyğun deyil. Ukraynaya münasibət ABŞ-nin maraqlarına uyğun olaraq, müttəfiqləri gücləndirməklə, daha sıx əməkdaşlıq etməklə, daha yaxşı strategiya ilə həyata keçirilməlidir”, – deyə müsahibimiz əlavə edib.

Qeyd edək ki, ABŞ-nin yeni dövlət katibi Marko Rubio “Trampın 100 günlük sülh planı” fonunda dünyada heç bir gücün Krım və Donbasa görə Rusiya ilə savaşmayacağını bildirib:

“Çünki anlaşılandır ki, Ukraynanın bu əraziləri Rusiyanın nəzarətində qalacaq. Qlobal sistemdəki vəziyyət bizi realist olmağa vadar edir və biz Krıma görə Rusiya ilə heç bir şəkildə üz-üzə qala bilmərik. Ukrayna da bu reallığı artıq dərk edir. Ukraynaya dəstək vermək ayrı anlayışdır, onunla birlikdə Rusiya ilə döyüşmək ayrı anlayışdır. Rusiya nüvə gücüdür və onunla toqquşmaqdan yayınmağa məcburuq”.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov isə deyib ki, həqiqətən də Kiyev üçün vəziyyət hər keçən gün pisləşir, müharibəni davam etdirmək və uzatmaq Ukraynanın mövcudluğuna daha ciddi zərbələr endirə bilər:

“Hətta yaya qədər ciddi danışıqlar aparılmasa, Ukrayna mövcudluğunu dayandıra bilər. Buna görə də Ukrayna tərəfi təcili olaraq danışıqlara hazırlaşmalı və müharibəni öz maraqlarına uyğun olaraq az itki ilə bitirməlidir”.

Chosen
10
50
editor.az

10Sources