RU

ABŞ-Ermənistan sazişi Tramp hakimiyyətinə problem YARADACAQ

Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. Həmçinin strateji tərəfdaşlıq ilə bağlı komissiya yaradılıb. Komissiya iqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət, inklüzivlik məsələlərində çalışacaq.

Blinken bəyan edib ki, ABŞ-dan sərhəd mühafizəsi üzrə xüsusi qrup Ermənistana gedəcək. O qeyd edib ki, xüsusi qrup birgə sərhəd təhlükəsizliyi istiqamətində iş aparacaq, təhlükəsizlik istiqamətində müvafiq işləri gücləndirəcək. Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində bildirib ki, “Qartal tərəfdaşı” formatı çərçivəsində əməkdaşlıq da davam edəcək.

O, sərhəd mühafizəsi üzrə xüsusi qrupun nə işlər görəcəyini və hansı istiqamətdə yerləşdiriləcəyini açıqlamayıb. 

İrəvan və Vaşinqton, həmçinin nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başlandığını elan ediblər. Mirzoyanın sözlərinə görə, Ermənistan İŞİD ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulmaq niyyətindədir. 

Bayden administrasiyasının vəzifədən getməsinə 1 həftədən az qalmış imzalanan saziş müzakirələrə səbəb olub. Yanvarın 20-də hakimiyyətə gələcək Tramp administrasiyasının sənədə münasibəti necə olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun rəhbəri Səməd Seyidov bildirib ki, ABŞ-nin Ermənistanla bağlı bu qərarı ilk növbədə hakimiyyətə gələn Tramp administrasiyası üçün problem yaradacaq:

"Ermənistan-ABŞ arasında komissiyanın yaradılması strateji əməkdaşlıq əlaqələri çərçivəsində qəbul olunmuş bir qərardır. Birincisi qeyd etmək lazımdır ki, Bayden administrasiyası qərarı tez-tələsik imzalayır, ikincisi isə bu qərar faktiki olaraq, Azərbaycana, Qafqaza yox, əvvəlcə ABŞ-nin yeni administrasiyasına problem yaradacaq. Digər yandan müxtəlif sənədlərin imzalanması sadədir. Amma onların həyata keçirilməsi müşkül məsələdir".

Komitə sədri vurğulayıb ki, tərəflər arasında imzalanan sənəd hər hansı sabitlik, əlaqələrin yaradılmasına dəlalət etmək əvəzinə regionda daha çox gərginlik yaradır.

"Cənab prezident demişkən, Bayden administrasiyası Sorosun üslubunadan istifadə edib regionlara, ölkələrə müdaxiləyə cəhd edir.  Lakin bunlar son cəhddir. Mən əminəm ki, ABŞ-nin yeni administrasiyası bu cəhdləri ciddi təhlil edəcək. Bu cür provakativ addımların atılmasının qarşısı alınacaq", - o vurğulayıb.

O, Bakının Tramp administrasiyasından gözləntilərdən də danışıb:

"Əslində, hakimiyyətə gələn yeni administrasiya çox müsbət, bizim ümumi siyasətimizə, dəyərlərimizə, dünya görüşümüzə uyğun bəyanatlarla çıxış edir. Ona görə də həm ABŞ-nin, həm də Azərbaycanın milli maraqlarına uyğun əlaqələrin formalaşdırılması üçün zəmin yaradıla bilər və yaradılır. Hələki bu sözdədir. Tramp administrasiyasının birinci dövrünü görmüşük. İstəyirik və arzulayarıq ki, əlaəqlər daha da yüksək səviyyədə inkişaf etsin. ABŞ-nin milli maraqlarına uyğun strateji əməkdaşlıq səviyyəsinə yüksəlsin".

Избранный
9
50
modern.az

10Источники