RU

ABŞ-İrəvan sazişi Bakıya qarşı deyil: Hədəf bu ölkələrdir!

Ermənistanın ABŞ-la imzaladığı strateji tərəfdaşlıq müqaviləsi ciddi müzakirə olunur – bir neçə vacib məqamı vurğulamaq lazımdır.

Turkustan.az xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.

O bildirib ki, bu sənədin Tramp dönəmində effektiv olacağı suallar doğurur:

“Bayden administasiyası ilə imzalanan bu sənədin işlək olması sual altındadır. Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməyimiz yanlışdır, sənəd Rusiya və İrana qarşı imzalanıb.

Elə Rusiya və İran narahat olub, Ermənistanla münasibətlərini aydınlaşdırsın. Bizim mövqeyimiz belə olmalıdır ki, zatən Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür, biz Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına çalışırıq. Ermənistanda Rusiya hərbi bazaları var, Ermənistanın Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi İrəvanın ABŞ-la müqaviləsi Rusiyanı əsəbiləşdirib, Ermənistana qarşı hansısa addıma səbəb olacaqsa, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq – özləri bilər. Bu gün Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir, əsasən də Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir. Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmürmü? Görür, sadəcə, sərf edir, özü də hamıya sərf edir. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq – bizə gözləmək düşür”.

Onun sözlərinə görə, Qərb və Rusiya arasında var-gəl edən Ermənistan üçün yeganə təhlükəsizlik zəmanəti Türkiyədir:

“Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə - Türkiyə zəmanət verə bilər. Geci-tezi, məhz bu konsepsiya qalib gələcək. Azərbaycan isə Tramp administrasiyası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik, məncə, doğru qərar olacaq. Bundan başqa, son 6-7 ayda, hətta Trampın qalib gələcəyi ehtimalının aşağı olduğu dövrlərdə belə, bir neçə dəfə publik çıxışlarımda demişdim, indi də bu fikirdə qalıram – Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Çünki ən rahat imzalana biləcək, 90%, hətta Ermənistanın ATƏT-in Minsk Qrupu kimi mənasız qurumun ləğvinə razı olması ilə 95% hazır sənəd var. Trampın “Mən dünyaya sülh gətirəcəm” mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın sıxışdırılması daha da sürətlənəcək.

Ona görə də dünən Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq, bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları”, bu işə qarışmadan, izləməliyik”./axar.az

Избранный
9
5
turkustan.az

10Источники